Tramp: Venesuela üzərində nəzarəti uğurla ələ keçirmişik

Tramp: Venesuela üzərində nəzarəti uğurla ələ keçirmişik

Sevinc Kərimova · Media ·

ABŞ Prezidenti Donald Tramp Venesuela üzərində nəzarəti uğurla ələ keçirdiklərini bəyan edib. O, Venesuelanın ABŞ-a bir milyon barel neft daşıyan tankeri hədiyyə olaraq göndərdiyini açıqlayıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Tramp Texas ştatına səfəri ərəfəsində jurnalistlərə açıqlamasında Venesuela ilə əldə olunan neft razılaşmasından danışıb.

“Biz Venesuela üzərində nəzarəti çox uğurla ələ keçirdik. Onlar mənə bir milyon barel neft daşıyan tankeri hədiyyə olaraq göndəriblər. Mən isə bunu Amerika Birləşmiş Ştatlarına verirəm”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti Venesueladan göndərilən nefti daşıyan tankerə Texas ştatında baxış keçirməyi planlaşdırdığını da açıqlayıb.

Tramp daha sonra Truth Social platformasındakı paylaşımında bu tədarükün gələcəkdə göndəriləcək milyardlarla barel neftin ilk partiyası olduğunu bildirib.

Qeyd edək ki, ABŞ və Venesuela arasında avqust ayında neft ehtiyatlarının istismarına dair genişmiqyaslı razılaşma əldə olunub. Tramp administrasiyasının açıqlamasına əsasən, saziş Vaşinqtona Venesuelanın təsdiqlənmiş neft ehtiyatlarının təxminən beşdəbirinə çıxış imkanı yaradır.

ABŞ yanvar ayında Venesuelada keçirdiyi hərbi əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduronu saxlayıb. Bundan sonra Vaşinqton müvəqqəti prezident Delsi Rodrigesin rəhbərlik etdiyi hökumətlə enerji sahəsində əməkdaşlığı genişləndirib.

Tramp Venesuela neftinin ABŞ bazarına tədarükünün yanacaq qiymətlərinin azalmasına kömək edəcəyinə də əminliyini ifadə edib.

“Neft qiymətləri çox tezliklə və çox kəskin şəkildə aşağı düşəcək”, – deyə Amerika lideri bildirib.

Venesueladan göndərilən bir milyon barellik neft partiyası iki ölkə arasında əldə olunmuş enerji razılaşmasının ilkin tədarüklərindən biri kimi təqdim edilir.