Tramp və Zelenski ABŞ-də görüşdən sonra əsas açıqlamaları verdilər

Tramp və Zelenski ABŞ-də görüşdən sonra əsas açıqlamaları verdilər

Sevinc Kərimova · Siyasət ·

ABŞ-in Florida ştatında, Mar-a-Laqo iqamətgahının əsas yemək zalında ABŞ prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Qısa mətbuat açıqlamasından sonra tərəflər qapalı formatda danışıqlara davam edib və görüş təxminən iki saat davam edib.

Redaksiya xəbər verir ki, ABŞ prezidenti Donald Tramp danışıqların müsbət keçdiyini, münaqişənin həllinə çox yaxınlaşıldığını və yalnız bir neçə məsələnin açıq qaldığını bildirib. O, Avropa ölkələrinin rəhbərləri ilə apardığı müzakirələri də yüksək qiymətləndirərək, onların konstruktiv mövqe nümayiş etdirdiklərini vurğulayıb.

ABŞ prezidenti Donald Tramp Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı açıqlamasında Rusiyanın stansiyanı bombalamadığını və onun işə salınması istiqamətində Ukrayna ilə əməkdaşlıq etdiyini deyib. O, bu prosesin təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu və obyektin texniki vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib.

Təhlükəsizlik zəmanətləri məsələsinə toxunan ABŞ prezidenti Donald Tramp Avropanın Ukrayna üçün əsas məsuliyyəti üzərinə götürəcəyini, ABŞ-in isə dəstək göstərəcəyini bildirib. O, həmçinin sülh razılaşmasının şərtlərinin Ukraynada referendum və ya parlament səsverməsi yolu ilə təsdiqlənə biləcəyini qeyd edib.

Danışıqlar üzrə işçi qrupların tərkibinə də aydınlıq gətirilib. ABŞ tərəfdən prosesə Stiv Uitkoff, Cared Kuşner, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, Marko Rubio və digər şəxslər cəlb olunacaq. Ukrayna tərəfinin nümayəndə heyətində isə Rustem Umerov, Andrey Qnatov və Sergey Kislitsa yer alacaq.

ABŞ prezidenti Donald Tramp əlavə edib ki, Rusiya ilə ticarət əlaqələrinin bərpası Vaşinqton üçün geniş iqtisadi imkanlar yarada bilər və bu istiqamətdə perspektivlər mövcuddur.