Tramp Rusiyaya səfər ehtimalını istisna etmədi

Tramp Rusiyaya səfər ehtimalını istisna etmədi

Sevinc Kərimova · Media ·

ABŞ Prezidenti Donald Tramp bu il Rusiyaya səfər edə biləcəyini istisna etməyib.

Redaksiya TASS və Reuters-ə istinadla xəbər verir ki, Tramp bu fikri Ağ Evin Cənub meydançasında, Çinə səfərə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib. TASS müxbirinin Rusiyaya mümkün səfərlə bağlı sualına cavabında ABŞ lideri bunun baş verə biləcəyini bildirib.

Tramp əlavə edib ki, Ukraynadakı müharibənin dayandırılması üçün “lazım olanı etməyə” hazırdır. Onun sözlərinə görə, Vaşinqton Rusiya-Ukrayna müharibəsinin sona çatmasına yaxın olduğunu düşünür, lakin konkret razılaşma hələ açıqlanmayıb.

Bu açıqlama Moskva ilə Vaşinqton arasında mümkün diplomatik təmaslar barədə müzakirələrin artdığı dövrə təsadüf edir. Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Vladimir Putinin Trampı Rusiyada qəbul etmək dəvətinin qüvvədə qaldığını bildirmişdi.

Bununla belə, Trampın sözləri rəsmi səfər anonsu kimi qəbul edilmir. Hazırda nə Ağ Ev, nə də Kreml ABŞ prezidentinin Rusiyaya səfəri ilə bağlı konkret tarix və proqram açıqlayıb.