ABŞ Prezidenti Donald Tramp İranla bağlı siyasətinin İsrail və Körfəz ölkələrinə dəstək məqsədi daşıdığını bildirib.
Redaksiya Fox News-a istinadla xəbər verir ki, Tramp Vaşinqtonun bu addımları İsrailə yardım etmək üçün atdığını deyib. ABŞ lideri eyni zamanda Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və digər ölkələrin də bu siyasətdən faydalandığını bildirib.
Tramp açıqlamasında İranın zənginləşdirilmiş uran məsələsinə toxunaraq, Vaşinqtonun Tehrana təzyiq göstərdiyini qeyd edib. O bildirib ki, ABŞ İranla razılaşma əldə olunmasını istəyir, lakin səbrinin tükənmək üzrə olduğunu da vurğulayıb.
ABŞ administrasiyası İranın nüvə proqramı, Hörmüz boğazındakı vəziyyət və regiondakı raket-dron təhdidləri fonunda Tehrana qarşı daha sərt xətt yürüdür. İsrail və Körfəz ölkələri isə İranın regional fəaliyyətlərini əsas təhlükəsizlik riski kimi qiymətləndirir.
Trampın sözləri Vaşinqtonun İran siyasətini yalnız ikitərəfli ABŞ-İran məsələsi kimi deyil, İsrail və Körfəz müttəfiqlərinin təhlükəsizliyi ilə bağlı regional strategiya kimi təqdim etdiyini göstərir.
