Almaniyanın avtomobil istehsalçısı Audi ABŞ-ın Corciya ştatında yeni avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar sərmayə qoyacaq. Müəssisənin ildə 200 min avtomobil istehsal edəcəyi, tikinti işlərinə isə gələn ay başlanacağı bildirilir. Bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
Redaksiya məlumat verir ki, Tramp yeni zavodun tikintisini ABŞ avtomobil sənayesi üçün mühüm investisiya layihəsi kimi qiymətləndirib. Amerika liderinin sözlərinə görə, bu, ölkənin müasir tarixində avtomobil sənayesinə yatırılan ən böyük sərmayə olacaq.
ABŞ Prezidenti Audi rəhbərliyinin belə bir qərar qəbul etməsini Vaşinqton administrasiyasının tətbiq etdiyi gömrük rüsumları ilə əlaqələndirib. Trampın fikrincə, yeni tarif siyasəti xarici avtomobil istehsalçılarını istehsal müəssisələrini ABŞ ərazisində yerləşdirməyə təşviq edir.
Qeyd edək ki, sentyabrın 7-də Almaniyanın avtomobil sənayesində ciddi geriləmə yaşandığı barədə məlumat yayılıb. Ölkənin sənaye sektoru son bir ilin ən zəif nəticəsini göstərib.
Almaniya avtomobil sənayesindəki çətinliklər istehsal xərclərinin artması, xüsusilə enerji daşıyıcılarının yüksək qiymətləri və beynəlxalq bazarda rəqabətin güclənməsi ilə əlaqələndirilir.
Trampın açıqlamasına əsasən, Audi-nin Corciyada planlaşdırdığı yeni müəssisə ABŞ-ın avtomobil istehsalı potensialının genişləndirilməsinə yönələcək.
