ABŞ Prezidenti Donald Tramp Ağ Evdə texnologiya sektorunun tanınmış simaları ilə rəsmi şam yeməyi təşkil edib. Dövlət Yeməkxanasında baş tutan görüşdə Meta şirkətinin baş icraçı direktoru Mark Zukerberq, Apple rəhbəri Tim Kuk, Microsoft-un həmtəsisçisi Bill Qeyts və OpenAI şirkətinin rəhbəri Sam Altman iştirak ediblər. İlon Mask isə tədbirdə gözə dəyməyib.
Redaksiya xəbər verir ki, görüş zamanı Tramp texnologiya şirkətlərinin innovasiya potensialının iqtisadi inkişaf və milli təhlükəsizlik üçün önəmini vurğulayıb. O, ABŞ hökumətinin süni intellekt, kibertəhlükəsizlik və yeni nəsil texnologiyalara strateji dəstəyini davam etdirəcəyini bildirib.
Tədbir çərçivəsində texnologiya liderləri qlobal rəqabət, süni intellektin etik tətbiqi, eləcə də ABŞ-ın beynəlxalq texnoloji üstünlüyünün qorunması ilə bağlı müzakirələr aparıblar. Şam yeməyi Ağ Evin texnologiya sektoruna yüksək səviyyədə verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir.
