ABŞ Prezidenti Donald Tramp ölkəsinin İsrailə ayırdığı illik təxminən 4 milyard dollarlıq maliyyə yardımını 2026-cı ilin sonunda dayandıracağını açıqlayıb. Trampın sözlərinə görə, bu məsələ İsrailin Baş naziri Benyamin Netanyahu ilə razılaşdırılıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində İsrailin artıq ABŞ-ın maliyyə yardımına ehtiyac duymadığını bildirib.
“Biz İsrailə 4 milyard dollar yardım edirdik, lakin bu, ilin sonunda başa çatacaq. Çünki onların artıq buna ehtiyacı yoxdur”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp yardımın dayandırılması təşəbbüsünün Netanyahu ilə müzakirə edildiyini də açıqlayıb.
“Mən bunu Netanyahu ilə müzakirə etdim. O dedi ki, düşünürəm, yardım almamağımız daha məqsədəuyğun olardı”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti İsrailin ehtiyac yaranacağı təqdirdə Vaşinqtonun dəstəyindən yenə də yararlana biləcəyini qeyd edib.
Mövcud ABŞ–İsrail təhlükəsizlik razılaşmasına əsasən, Vaşinqton 2028-ci ilə qədər İsrailə hər il təxminən 3,8 milyard dollar hərbi yardım ayırmağı nəzərdə tutur.
Buna görə də Trampın açıqladığı qərarın həmin razılaşmaya necə təsir edəcəyi hələlik aydın deyil. ABŞ Konqresinin büdcə ayırmalarındakı rolu da nəzərə alınmalıdır.
Reuters-in məlumatına görə, Netanyahu administrasiyası Trampın açıqlamasına dərhal münasibət bildirməyib. Yardımın dayandırılmasının konkret mexanizmi və qüvvəyə minmə şərtləri barədə də əlavə məlumat açıqlanmayıb.
