Dünya əhalisi 8 milyardı keçdi

Dünya əhalisi 8 milyardı keçdi

Arzu Qafarova · İqtisadiyyat ·

Birləşmiş Millətlər Təşkilatının əsas götürülən rəsmi məlumatlarına görə, 2025-ci ildə dünya əhalisi 8 milyard 200 milyon həddini keçib. Müxtəlif statistik qiymətləndirmələrə əsasən, hazırda qlobal əhali 8 milyard 200 milyon ilə 8 milyard 300 milyon arasında dəyişir.

Redaksiya xəbər verir ki, mövcud hesablamalara əsasən dünya əhalisinin təxminən 59%-i Asiyada, 19%-i Afrikada, 9%-i Avropada, 8%-i Latın Amerikası və Karib hövzəsində, təxminən 5%-i isə Şimali Amerikada yaşayır. Proqnozlara görə, dünya əhalisinin 2037-ci ildə 9 milyarda, 2060-cı ildə isə 10 milyarda çatacağı gözlənilir.

Hazırda əhalisi 100 milyondan çox olan 16 ölkə mövcuddur. Çin və Hindistan milyard həddini aşan 2 ölkə kimi dünya əhalisinin təxminən üçdə birini təşkil edir. Bu ölkələri ABŞ, İndoneziya, Pakistan, Nigeriya və Braziliya izləyir.

Avropa qitəsində isə demoqrafik artımın zəiflədiyi müşahidə olunur. Əhalisi 100 milyondan artıq olan heç bir Avropa ölkəsi yoxdur və bu göstəriciyə ən yaxın ölkə 80 milyon əhalisi olan Almaniyadır. Mütəxəssislər Avropada yaşlanan əhali və miqrasiya problemlərinin dərinləşdiyini bildirirlər.

Aşağı doğum göstəriciləri ilə mübarizə aparan ölkələr sırasında Çin də yer alır. Son illər əhalisi azalan ölkədə doğumun stimullaşdırılması məqsədilə yeni iqtisadi tədbirlər tətbiq olunur və uzunmüddətli demoqrafik tarazlığın qorunması əsas prioritet kimi qiymətləndirilir.

Eyni zamanda bəzi ölkələrdə yaşlı əhalinin payı sürətlə artır. İtaliyada 100 yaşdan yuxarı şəxslərin sayı son onilliklərdə iki dəfə yüksəlib və bu qrupun böyük hissəsini qadınlar təşkil edir. Bu tendensiya Avropa İttifaqının digər ölkələrində də müşahidə olunur.

Şəhər əhalisinin artımı da diqqət çəkir. Son hesablamalara əsasən, İndoneziyanın paytaxtı Cakarta dünyanın ən çox əhalisi olan şəhəri kimi Tokioyu geridə qoyub. Bu dəyişiklik BMT-nin şəhər və ətraf ərazilərin hesablanmasında tətbiq etdiyi yeni metodologiya ilə izah olunur.