Nəşrin dərc etdiyi proqnozlara əsasən, 2026-cı il beynəlxalq siyasət və qlobal iqtisadiyyat üçün yüksək qeyri-müəyyənliklərlə müşayiət olunacaq. Analitiklər dünyada mövcud güc balanslarının dəyişməz qalacağını və bir sıra regionlarda gərginliyin davam edəcəyini bildirirlər.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, hazırda “Tramp dünyası” mövcuddur və ABŞ prezidenti Donald Tramp Ağ Evdə qaldığı müddətdə bu vəziyyətin dəyişməyəcəyi qeyd olunur. Proqnozlara görə, Qəzzada yeni müharibənin baş verməməsi ehtimalı olsa da, Ukraynada münaqişə davam edəcək və Ukraynaya dəstəyin əsas yükü Avropanın üzərinə keçəcək.
Nəşrin sorğusuna qatılanların 74%-i Ukrayna ilə Rusiya arasında 2027-ci ilin yanvarınadək sülh sazişinin imzalanmayacağını düşünür. Asiya istiqamətində isə ABŞ prezidenti Donald Trampın Çinlə razılaşma əldə etmək naminə Tayvan məsələsində güzəştə gedə biləcəyi ehtimalı vurğulanır.
İqtisadi sahədə varlı ölkələrin imkanlarından artıq xərclədiyi, istiqraz bazarında böhran riskinin artdığı bildirilir. Eyni zamanda süni intellektə yatırılan investisiyalarda yaranmış köpüyün partlaya biləcəyi və bunun iqtisadiyyata ciddi zərbə vuracağı qeyd olunur. Səhiyyə sektorunda isə GLP bir əsaslı, daha ucuz və inkişaf etmiş arıqlama dərmanlarının, o cümlədən tablet formasında bazara çıxacağı proqnozlaşdırılır.
