2025-ci ilin ilk rübündə Teleqram dünyada ən çox endirilən mobil tətbiqlər siyahısında möhkəm yüksəlişlə irəliləyib. Əksinə, Meta şirkətinə məxsus Votsap, Instaqram, Feysbuk və Threads tətbiqləri isə sıralamada enişə məruz qalıb.
Redaksiya beynəlxalq tətbiq analiz platforması SensorTower-ə istinadən xəbər verir ki, Teleqramın bu yüksəlişi onun təhlükəsiz, sürətli və reklamsız mesajlaşma imkanı təklif etməsi ilə əlaqələndirilir. Platforma, xüsusilə məxfilik və alternativ ünsiyyət kanalı axtaran istifadəçilər arasında artan maraq qazanıb.

Meta platformalarının eyni dövrdə geriləməsi, sosial media istifadəçiləri arasında platforma diversifikasiyasına olan ehtiyacı da ortaya qoyur. Ekspertlər qeyd edirlər ki, Teleqram bu tendensiyanı davam etdirərsə, qlobal kommunikasiya bazarında daha güclü oyunçuya çevrilə bilər.
Fərid Əlizadə
