Texnologiya sahəsində keçirilən TEKNOFEST 2026 texnologiya yarışmalarına müraciət müddəti uzadılıb.
Redaksiya məlumat verir ki, Türkiyə Texnologiya Komandası (T3 Vəqfi) və Sənaye və Texnologiya Nazirliyinin əsas icraçılığı ilə təşkil olunan TEKNOFEST 2026 çərçivəsindəki texnologiya yarışmalarına müraciət müddəti 28 fevrala qədər uzadılıb.
Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST 2026, min illik tarixi və köklü mədəniyyət mirası ilə seçilən Şanlıurfada keçiriləcək. Festival, 30 sentyabr - 4 oktyabr tarixlərində GAP Hava Limanında təşkil olunacaq.
T3 Vəqfindən verilən açıqlamada, 2026-cı il texnologiya yarışmalarının 51 əsas kateqoriya və 132 alt kateqoriyada keçiriləcəyi, gənclərin innovativ layihələrini həyata keçirmələrinə imkan yaradılacağı bildirilib. Aviasiya, kosmos, müdafiə, süni intellekt, robototexnika, enerji və ətraf mühit başda olmaqla bir çox sahədə təşkil olunacaq yarışmaların, müxtəlif yaş və təhsil səviyyələrindən iştirakçılara açıq olacağı ifadə edilib.
Açıqlamada, ibtidai məktəbdən magistr səviyyəsinə qədər geniş bir iştirakçı profilinə xitab edən yarışmaların, gənclərin mühəndislik və sahibkarlıq bacarıqlarını inkişaf etdirməyi, komanda işi mədəniyyətini gücləndirməyi və layihələrini real dünya problemlərinə həll yolu tapacaq şəkildə dizayn etmələrini təşviq etməyi məqsəd qoyduğu qeyd edilib. Milli texnologiyaların inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən yarışmaların, gənclərə mühüm bir təcrübə və görünürlük imkanı təqdim etdiyi vurğulanaraq, texnologiyaya maraq duyan və gələcəyin mühəndisləri və sahibkarları arasında yer almaq istəyən bütün gənclərin 28 fevrala qədər TEKNOFEST 2026 yarışmalarına müraciət edə biləcəyi bildirilib.
