Təhsildə Keyfiyyət Təminatı Agentliyində CİDDİ NÖQSANLAR - RƏSMİ

Təhsildə Keyfiyyət Təminatı Agentliyində CİDDİ NÖQSANLAR - RƏSMİ

Aytac Dəniz · İqtisadiyyat ·

Hesablama Palatası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2023–2025-ci illər üzrə fəaliyyətinin auditini aparıb. Audit zamanı dövlət vəsaitlərinin bəzi hallarda təyinatına uyğun istifadə edilmədiyi, dövlət satınalmalarında əsasən bir mənbədən satınalma metodunun tətbiq olunduğu, akkreditasiya və xarici kvalifikasiyaların tanınması mexanizmlərində, eləcə də maliyyə idarəetməsində bir sıra nöqsanların olduğu müəyyən edilib.

Bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, audit Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən TKTA-nın işinin təşkili və icrasının nəticəliliyini qiymətləndirmək məqsədilə səmərəlilik (performans) auditi formasında həyata keçirilib.

Hesablama Palatasının məlumatına görə, agentliyin fəaliyyəti dövründə atdığı addımlar ali təhsildə keyfiyyət təminatının gücləndirilməsinə, bununla da məzunların Azərbaycanda və xarici ölkələrdə məşğulluğuna müsbət təsir göstərib. Xarici kvalifikasiyaların tanınması istiqamətində görülən işlər nəticəsində saxta diplomlar müəyyən edilib. Bu sahədə qəbul edilmiş qərarlarla bağlı məhkəmə qərarlarının böyük əksəriyyətinin TKTA-nın mövqeyini dəstəkləməsi həmin qərarların ümumilikdə hüquqi əsaslı olduğunu göstərib.

Bununla yanaşı, audit TKTA-nın idarəetmə, hüquqi tənzimləmə, maliyyə idarəetməsi, keyfiyyət təminatı və institusional inkişaf istiqamətlərində sistemli problemləri üzə çıxarıb. Qeyd olunan nöqsanların qurumun fəaliyyətinin effektivliyinə və maliyyə dayanıqlılığına mənfi təsir göstərdiyi, keyfiyyət təminatı mexanizmlərinin etibarlılığının artırılmasına mane olduğu bildirilib.

Audit zamanı akkreditasiya prosesində müstəqillik və maraqların toqquşması ilə bağlı risklər də müəyyən edilib. Belə ki, TKTA-nın Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi və Akkreditasiya Şurasına icra orqanının rəhbərinin sədrlik etməsi bu riskləri artırıb. Müstəqilliklə bağlı yerli və beynəlxalq standartlara uyğunsuzluq agentliyin beynəlxalq akkreditasiya imkanlarını məhdudlaşdırıb. Eyni zamanda, strateji planlaşdırma, fəaliyyət hədəflərinin müəyyənləşdirilməsi və hesabatlılıq mexanizmlərində çatışmazlıqlar aşkarlanıb.

Akkreditasiya sahəsində normativ bazanın və meyarların bütün təhsil pillələrini əhatə etmədiyi, akkreditasiya qrafiklərinin icra olunmadığı, elektron sistemlərin yaradılmadığı, sənədləşdirmə və ekspert fəaliyyətində nöqsanların olduğu müəyyən edilib. Həmçinin bəzi təhsil müəssisələrinin akkreditasiyasız fəaliyyət göstərdiyi bildirilib.

Xarici kvalifikasiyaların tanınması istiqamətində isə qanunvericiliyin imkan verdiyi alternativ mexanizmlərin tam tətbiq olunmaması və normativ aktların təkmilləşdirilməsinə ehtiyac müraciətlərə baxılma müddətlərinin uzanmasına səbəb olub. Bəzi qiymətləndirmə meyarlarının təkmilləşdirilməməsi də bu sahədə fəaliyyətin gücləndirilməsinin zəruriliyini ortaya qoyub.

Audit nəticələri qeyri-formal və informal təhsilin tanınması (QFİTT) üzrə təşkilati modelin, ekspert potensialının idarə edilməsinin, dövlət təhsil standartlarının müasirləşdirilməsinin, analitik fəaliyyətin nəticəyönümlülüyünün və metodiki təminatın da təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərib.

Maliyyə idarəetməsi və dövlət satınalmaları sahəsində də nöqsanlar aşkarlanıb. Hesablama Palatasının məlumatında qeyd olunub ki, dövlət vəsaitləri bəzi hallarda təyinatına uyğun istifadə edilməyib, satınalmalar demək olar ki, yalnız bir mənbədən satınalma metodu ilə həyata keçirilib və rəqabətli mühitin formalaşdırılması təmin olunmayıb.

Satınalma müqavilələrinin icrasına nəzarətin yetərli olmaması ödənilmiş vəsaitlə əldə olunmuş nəticə arasında uyğunsuzluqlara səbəb olub. Uçot və hesabat işlərində də nöqsanlar müəyyən edilib.

Bundan başqa, agentliyin funksional fəaliyyətindən əldə etdiyi gəlirlər xərcləri, xüsusilə əməkhaqqı xərclərini qarşılaya bilməyib. Proqram akkreditasiyası, xarici kvalifikasiyaların tanınması və digər xidmətlər üzrə mövcud gəlir potensialından tam istifadə edilmədiyi vurğulanıb.

Hesablama Palatası hesab edir ki, auditin nəticələri TKTA-nın fəaliyyətinin səmərəliliyinin və nəticəliliyinin artırılması üçün kompleks islahatların həyata keçirilməsinin zəruriliyini göstərir. Bu çərçivədə idarəetmə modelinin, hüquqi bazanın, maliyyə idarəetməsinin, akkreditasiya və kvalifikasiyaların tanınması mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, şəffaflığın, səmərəliliyin və institusional müstəqilliyin gücləndirilməsi vacib hesab olunur.

Məlumata əsasən, auditin nəticələri ilə bağlı Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərara uyğun olaraq, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə auditor hesabatının Elm və Təhsil Nazirliyinə və TKTA-ya göndərilməsi qərara alınıb.

Eyni zamanda, vəsaitlərin idarə olunması ilə bağlı müəyyən edilmiş nöqsanlar barədə Maliyyə Nazirliyinə, ekvivalenti olmayan tibb ixtisasları üzrə xaricdə təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı aşkarlanmış hallar barədə isə Səhiyyə Nazirliyinə məlumat göndərilməsi nəzərdə tutulub.