Tebbun: Müzakirə bitib, məsələ bağlanıb

Tebbun: Müzakirə bitib, məsələ bağlanıb

Nizami Salmanov ·

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Birləşmiş Ərəb Əmirliklərinin OPEC və OPEC+ formatından çıxmasını ciddi məsələ hesab etmədiyini bildirib.

Redaksiya Algérie Presse Service və Dzair Tube-a istinadla xəbər verir ki, Tebbun yerli media nümayəndələri ilə görüşündə BƏƏ-nin qərarını “əhəmiyyətli hadisə deyil” kimi qiymətləndirib. O qeyd edib ki, ərəb ölkələri arasında OPEC-in əsas dayağı qardaş Səudiyyə Ərəbistanı Krallığıdır.

Əlcəzair liderinin sözlərinə görə, bu mövzu ətrafında müzakirələr artıq başa çatıb və məsələ qapanmış sayılır. Tebbunun açıqlaması BƏƏ-nin OPEC-dən çıxması fonunda təşkilat daxilində güc balansı və Səudiyyə Ərəbistanının rolu ilə bağlı müzakirələrin artdığı vaxtda səslənib.

BƏƏ aprelin sonunda OPEC və OPEC+ formatından çıxmaq qərarı verdiyini açıqlamışdı. Qərar enerji bazarlarında və Körfəz ölkələri arasında münasibətlərdə yeni müzakirələrə səbəb olsa da, Əlcəzair rəhbərliyi OPEC-in əsas ağırlıq mərkəzinin Səudiyyə Ərəbistanı olaraq qaldığını vurğulayır.