Naxçıvanda keçirilən “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans yaddaşlarda dərin iz buraxan mühüm mənəvi və ictimai hadisələrdən biri oldu. Bu mötəbər tədbirdə iştirak edən bir din xadimi kimi ilk növbədə tədbirin yüksək səviyyədə təşkilinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Mənəvi Dəyərlərin Təbliği Fonduna dərin təşəkkürümü bildirirəm. Belə əhəmiyyətli mövzuların müzakirə edilməsi, xüsusilə din xadimlərinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin bir araya gətirilməsi dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi böyük önəmin bariz nümunəsidir.
Konfrans zamanı bir daha şahidi olduq ki, Naxçıvan təkcə qədim tariximizin deyil, həm də dövlətçilik ənənələrimizin və milli ruhumuzun mühüm dayaqlarından biridir. Azərbaycanın üçrəngli bayrağının uzun illərdən sonra ilk dəfə məhz bu müqəddəs torpaqda dalğalanması xalqımızın azadlıq iradəsinin rəmzi olmuşdur. Ulu Öndər Heydər Əliyevin burada başladığı siyasi və mənəvi mübarizə bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfər salnaməsinə çevrilmişdir. Bu gün azad Qarabağımızda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri də həmin uzaqgörən siyasətin davamıdır.
Tədbirdə səsləndirilən fikirlər bir daha göstərdi ki, Zəngəzur yolu yalnız iqtisadi və nəqliyyat layihəsi deyil. Bu yol eyni zamanda tariximizin, mədəniyyətimizin, mənəvi yaddaşımızın və milli birliyimizin yoludur. Xalqları yaxınlaşdıran, bölgədə sabitliyə və qarşılıqlı əməkdaşlığa xidmət edən belə layihələr gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıyır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi son illərdə həyata keçirdiyi fəaliyyət xüsusi təqdirəlayiqdir. Dövlət Komitəsi ölkəmizdə dini maarifləndirmə işinin gücləndirilməsi, sağlam dini düşüncənin təşviqi, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl və məqsədyönlü layihələr həyata keçirir. Müxtəlif bölgələrdə təşkil olunan konfranslar, seminarlar, maarifləndirici görüşlər, dini radikalizmə qarşı aparılan izahlı tədbirlər cəmiyyətimizdə sağlam düşüncə mühitinin formalaşmasına mühüm töhfə verir.
Xüsusilə gənclər arasında vətənpərvərlik ruhunun, milli kimlik şüurunun və dini-mənəvi dəyərlərin təbliği sahəsində görülən işlər olduqca əhəmiyyətlidir. Dövlət Komitəsinin din xadimləri ilə sıx əməkdaşlığı, onların fəaliyyətinə göstərdiyi diqqət və qayğı dini mühitdə həmrəyliyin və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə səbəb olur. Bu diqqət din xadimlərini daha məsuliyyətli fəaliyyət göstərməyə, cəmiyyətin mənəvi inkişafına daha fəal şəkildə töhfə verməyə ruhlandırır.
Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti də xüsusi vurğulanmalıdır. Fond tərəfindən həyata keçirilən layihələr, dini maarifləndirmə proqramları, kitab nəşrləri və sosial təşəbbüslər xalqımızın mənəvi irsinin yaşadılmasına böyük xidmət edir. Regionlarda keçirilən belə tədbirlər insanların maariflənməsinə, milli birlik ruhunun güclənməsinə və dini həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
Bu gün Azərbaycan dünyaya multikulturalizm və tolerantlıq nümunəsi təqdim edən ölkələrdən biridir. Müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşaması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin həyata keçirilməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rolu danılmazdır. Dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulması ölkəmizdə sabitliyin və milli birliyin daha da möhkəmlənməsinə xidmət edir.
Bir din xadimi olaraq hesab edirəm ki, belə tədbirlər təkcə müzakirə platforması deyil, həm də mənəvi bir məktəbdir. Burada səsləndirilən fikirlər, aparılan müzakirələr və verilən mesajlar cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə Zəngəzur yolu kimi strateji əhəmiyyətə malik bir mövzunun tarixi və mənəvi aspektdən təqdim olunması olduqca dəyərlidir.
Bir daha bu möhtəşəm tədbirin təşkilində əməyi olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Mənəvi Dəyərlərin Təbliği Fonduna və bütün təşkilatçılara səmimi minnətdarlığımı bildirir, ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması və inkişafı naminə həyata keçirilən fəaliyyətlərdə uğurlar arzulayıram. Allah dövlətimizi, xalqımızı və müstəqilliyimizi daim qorusun.
Hacı Rza Salmanov
Digah Qəsəbə məscidinin imamı
