Qürurvericidir ki, bu gün tarixi Azərbaycan torpaqlarında, otuz il işğala məruz qalmış şəhər, qəsəbə və kəndlərimizdə olan mənzərə görənləri heyran edir. Həqiqətən də belədir ki, bir zamanlar düşmən cəbhəyə xidmət edən media qurumları gördükləri önündə mat qalırlar.
Onlar istəyərəkdən və ya istəməyərəkdən reallığı çəkmək, bəzən də demək məcburiyyətində qalırlar. Bir fikri xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövlətinin bu günki xarici siyasətində əsas prioritetlərdən biri Qarabağ həqiqətlərinin, erməni vandalizminin, terrorunun, eləcə də əzəli və əbədi torpaqlarımızda aparılan quruculuq işlərinin dünyaya məhz beynəlxalq ictimaiyyətin özünün iştirakı və müşahidəsi ilə çatdırmaqdır. Artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumunun sayca III görüşünün bu günlərdə tarixi Xankəndində baş tutması təsadüfi deyildi.
Qüdrətli Azərbaycan dövlətinin qısa zaman kəsiyində məhz bu şəhərdə inşa etdiyi Konqres Mərkəzində görüşün keçirilməsi özlüyündə dünyaya verilmiş bir mesaj idi. Bu faktdır ki, beş il əvvələ kimi tarixi Şuşa şəhərimiz daxil işğal altında olan digər şəhər və məntəqələrimizə Azərbaycan həqiqətlərini dünyaya çatdıra biləcək beynəlxalq səviyyəli müstəqil media qurumlarının gəlişi mümkün deyildi. Təbii ki, o vaxta qədər düşmən dəyirmanına su tökən bəzi dırnaqarası media orqanları və qurumların nümayəndələri bu ərazilərə aparılır, lakin hər şey senzura və təhrif edilmiş şəkildə təqdim edilərək, əsl həqiqətlər gizlədilirdi. Özünü azad, müstəqil hesab edən jurnalistlər belə 30 il ərzində dağıdılmış, talan edilmiş yurd yerlərimizi, şəhər, qəsəbə və kəndlərimizi, bir sözlə öz gözləri ilə gördüklərini bu və digər səbəblərdən işıqlandırmır və ya işıqlandıra bilmirdilər. Lakin biz düşmənin necə vandal millət olduğunu hər zaman yaxşı bilmişik.
Dünyanın yüzlərlə xarici və yerli media qurumunun qatıldığı Forum ən yüksək təbliğat platformasına çevrildi. Bəli, bir zamanlar məhdudiyyətlərlə üzləşmiş xarici media qurumları bu gün hər şeyi öz gözləri ilə bir daha görürlər. Əminliklə deyə bilərik ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya müharibəsində qazandığı möhtəşəm qələbə və platformadır.
Səbinə Əsədova;
Neftçala rayon sakini
