Suriya Prezidenti Əhməd Şərarın imzaladığı razılaşmaya əsasən, SDF-nin nəzarətində olan üç əyalətə Suriya ordusunun daxil olması nəzərdə tutulur. Razılaşma çərçivəsində mülki idarəetmə strukturlarının mərhələli şəkildə Suriya dövlət sisteminə inteqrasiyası planlaşdırılır.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, sənədə görə bütün neft yataqları Suriya hökumətinin nəzarətinə keçəcək. SDF üzvləri təhlükəsizlik yoxlamalarından sonra fərdi qaydada Müdafiə Nazirliyinin tərkibinə qəbul ediləcək, kürd bölgələrinin özünəməxsus idarəetmə xüsusiyyətlərinin qorunacağı bildirilir.
Razılaşma Hasəkə vilayətinə qubernator təyin olunmasını, Ayn əl-Ərəb şəhərindən ağır silahların çıxarılmasını və Daxili İşlər Nazirliyinə tabe yerli təhlükəsizlik qüvvəsinin yaradılmasını da əhatə edir. Eyni zamanda İŞİD üzvləri və onların ailələrinin saxlandığı düşərgələrin idarəçiliyi Suriya dövlətinə veriləcək.
Sənəddə dövlət vəzifələrinə təyinatların SDF tərəfindən təqdim edilən namizədlər siyahısı əsasında aparılacağı, SDF-nin isə PKK üzvlərinin Suriyadan çıxarılması öhdəliyini götürdüyü qeyd olunur. Bundan əlavə, Afrin və Şeyx Məqsud bölgələrinə köçkünlərin geri qaytarılması üçün kompromis mexanizmlərinin hazırlanacağı vurğulanır.
