Süni intellektlə idarə olunan botların internetdə fəaliyyəti sürətlə genişlənir və rəqəmsal təhlükəsizlik sahəsində yeni narahatlıqlar doğurur. Bu botlar artıq sırf avtomatlaşdırılmış əməliyyatlar deyil, mürəkkəb siber hücumlar, saxta etkileşimlər və məzmun oğurluğu ilə də seçilir.
Redaksiya xəbər verir ki, qlobal kiber təhlükəsizlik şirkəti “Akamai Technologies” tərəfindən yayımlanan “State of the Internet” hesabatına əsasən, son bir ildə süni intellekt bot trafiki təxminən 300 faiz artıb. Şirkətin məlumatına görə, hazırda platformalarda qeydə alınan hər 100 botdan biri süni intellekt tərəfindən idarə olunur və ən çox hücum media və yayımlama sahəsinə yönəlir. Hücumların 63 faizi məhz xəbər və məzmun istehsalçılarını hədəfə alır.
Araşdırma göstərir ki, növbəti böyük hədəf e-ticarət sektorudur. Onlayn mağazalara cəmi iki ay ərzində 25 milyarddan çox bot sorğusu göndərilib. Mütəxəssislər xəbərdarlıq edir ki, süni intellekt botlarının genişlənməsi yeni bir “rəqəmsal işğal” mərhələsini formalaşdırır və yaxın illərdə məzmun təhlükəsizliyi, identifikasiya sistemləri və istifadəçi məlumatlarının qorunması qlobal gündəm mövzularından biri olacaq.
