Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi qaydaları açıqlanıb

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi qaydaları açıqlanıb

Aytac Dəniz · İqtisadiyyat ·

Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadə müvafiq icazə əsasında həyata keçirilir.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi səlahiyyəti ADSEA-ya həvalə edilib.

Prezidentin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə isə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” təsdiqlənib.

Qaydaya əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında, texniki qurğu və avadanlıqlar tətbiq edilməklə həyata keçirilir. Tələblər sahibkarlıq fəaliyyəti ilə məşğul olan və su obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslərə şamil edilir.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən sahibkarlar müəyyən edilmiş tələblərə uyğun olaraq ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə ərizə ilə müraciət etməlidirlər.

Müraciət zamanı təqdim edilən sənədlər təhlil olunur və onların müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılır. Eyni zamanda, su axarlarında ekoloji axımın saxlanılması şərtilə tələb olunan su həcminin verilməsinin mümkünlüyü qiymətləndirilir. Su obyektlərinə axıdılması nəzərdə tutulan tullantı sularının tərkibi də araşdırılır.

Aparılan təhlil və qiymətləndirmənin nəticələrinə əsasən, su obyektindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul olunur.

İcazənin müddəti xüsusi istifadənin məqsədi, su obyektinin ehtiyat potensialı və ekoloji vəziyyəti nəzərə alınmaqla müəyyənləşdirilir.

Qeyd olunub ki, Su Məcəlləsinin 32-ci maddəsinə əsasən, su obyektləri fiziki və ya hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli istifadəsinə verilə bilər.

Xidmətdən bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin olunmasına, su obyektlərinin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.