Avropa Siyasi Birliyinin (ASB) Tiran şəhərində keçirilən 6-cı Zirvəsində İngiltərənin Baş naziri Keyr Starmer Rusiyanın Ukrayna ilə bağlı sülh danışıqlarında ciddi olmadığını bildirib. Starmer, beynəlxalq arenada baş verən hadisələrin fonunda, Avropanın qarşısında duran çağırışlara diqqət çəkib.
Redaksiya xəbər verir ki, Starmer, Avropa ilə İngiltərə arasında gələcəyə yönəlik əməkdaşlığın vacibliyini vurğulayaraq, bu əlaqələrin təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edib. O, İngiltərənin Avropa Birliyi (AB) ilə münasibətlərinin inkişaf etdirilməsinə də toxunaraq, göç, iqtisadi artım və təhlükəsizlik kimi ortaq problemlərin birgə həllinin zəruriliyini vurğulayıb. Baş nazir, İngiltərənin iyul ayında keçiriləcək İngiltərə-AB Zirvəsinə hazırlaşdığını bildirib.
Starmer, Ukraynada davamlı və ədalətli sülhün əldə olunmasının vacibliyini xüsusi qeyd edərək, Rusiyaya qarşı tətbiq edilən sanksiyaları xatırladıb. O, Fransa Prezidenti Emmanuel Makronla birlikdə Ukraynada sülhün təmin edilməsi üçün görülən səylərdən danışıb. Starmer, Almaniya kansleri Fredrix Merz və Polşa baş naziri Donald Tusk ilə birlikdə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlərinin əhəmiyyətini vurğulayaraq, bu görüşlərin yalnız həmrəyliyin deyil, həm də İkinci Dünya Müharibəsində uğrunda mübarizə aparılan dəyərlərin eyniliyinin göstəricisi olduğunu bildirib. Starmer, Vladimir Putinin sülh danışıqlarına şərtsiz başlamağının vacibliyini vurğulayaraq, İngiltərənin bu məsələdə üzərinə düşəni edəcəyini bildirib.
Nəhayət, Starmer qeyri-qanuni miqrasiyanın Avropa üçün ciddi problem olduğunu vurğulayaraq, insan qaçaqçılarının zəif insanları hədəfə aldığını və bu problemin sərhədləri aşan, lakin birgə həll edilməsi lazım olan bir məsələ olduğunu bildirib.
Sevinc Kərimova
