Azərbaycanda da fəaliyyət göstərən amerikalı iş adamı İlon Maska aid Starlink internet provayderindən yəqin ki, hər kəsin xəbəri var. Provayderin istifadəçilər üçün təqdim etdiyi “Pause” (xidməti müvəqqəti dayandırma) funksiyası yalnız Starlink ROAM paketlərində real və problemsiz şəkildə işləyir. Bu funksiya xidməti tam ləğv etmədən saxlayıb, istədiyiniz vaxt yenidən aktivləşdirməyə imkan verir.
Redaksiya məlumat verir ki, çox vaxt insanları çaşdıran da elə budur, lakin sistem “istifadə etdiyin qədər ödə” prinsipi ilə işləmir. Xidmət hər dəfə aktiv edildikdə tam aylıq ödəniş hesablanır. Məsələn, aylıq 90 AZN olan paketdə xidməti aktiv etdiyiniz gün, həmin ay üçün ödəniş tam tətbiq olunur. Bir neçə gün sonra xidməti dayandırsanız belə, həmin ayın dəyəri geri qaytarılmır. Xidməti dayandırdığınız dövrdə növbəti aylarda ödəniş tutulmur, lakin yenidən aktivləşdirdikdə yeni ay başlayır və ödəniş yenidən hesablanır.
Pause funksiyasının üstünlüyü odur ki, xidməti tam bağlamadan saxlayırsınız və sonradan yenidən qoşulmaq üçün əlavə qeydiyyat, gözləmə və ya ünvan təsdiqi tələb olunmur. Yəni xəritədə yer ("spot") itirmirsiniz.
Çətin tərəfi isə budur ki, qısa müddətlik istifadə üçün ayın yalnız bir hissəsi istifadə edilsə belə, həmin ay üçün tam ödəniş tətbiq olunur. Yəni “istifadə etdiyim qədər ödəyim” yanaşması burada işləməyəcək.
Hansı paketlərdə “Pause” ilə işləyir?
| Paket adı | “Pause” dəstəyi | Qeyd |
|---|---|---|
| Starlink ROAM | ✅ Tam dəstək | Xidməti dayandır və lazım olanda yenidən aktivləşdir. Hər aktivləşmə yeni aylıq ödəniş deməkdir. |
| Starlink Residential (Ev üçün) | ❌ Dəstək yoxdur | Dayandırmaq üçün xidməti tam ləğv etmək lazım gəlir. Ləğvdən sonra bölgədə yer olmayarsa yenidən qoşulmaq mümkün olmaya bilər. |
| Starlink Business / Mobility / Maritime | ⚠️ Mümkündür, amma şərtlə | Müqavilə, minimum ödəniş və əlavə şərtlər tətbiq olunur. |
Nəticə
- Ara-sıra istifadə edənlər üçün ən uyğun seçim: Starlink ROAM.
- “Aylığı açım, 2 gün işlədim, qalan pulu saxlayım, sonra davam edim” sistemi mövcud deyil.
- Hər aktivləşmə = yeni aylıq ödəniş deməkdir.
- Pause yalnız xidməti tam itirməmək və sonradan rahat yenidən qoşulmaq üçündür.





