SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb

SOCAR və dövlət istiqarazları “PAŞA Kapital”ı “vurdu” - birja itkiləri 22 milyarda yaxınlaşıb

Aytac Dəniz · İqtisadiyyat ·

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin 2026-cı ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında (BFB) həyata keçirdiyi əməliyyatların ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 59,4% azalıb.

Şirkətin 9 aylıq birja dövriyyəsi 14 milyard 779,7 milyon manat təşkil edib. Halbuki 2025-ci ilin müvafiq dövründə bu göstərici 36 milyard 388,4 milyon manat olub.

Beləliklə, “PAŞA Kapital”ın birja dövriyyəsi illik müqayisədə 21 milyard 608,7 milyon manat və ya 2,5 dəfə azalıb.

Repo əməliyyatlarında 15,6 milyard manatlıq azalma

BFB-nin statistik göstəricilərinin müqayisəsi göstərir ki, şirkətin dövriyyəsindəki azalmanın əsas səbəbi repo əməliyyatlarının həcminin kəskin geriləməsidir.

2025-ci ilin ilk 9 ayında “PAŞA Kapital”ın repo bazarındakı dövriyyəsi 24 milyard 738,8 milyon manat olduğu halda, bu ilin eyni dövründə 9 milyard 99,2 milyon manata enib.

Nəticədə repo əməliyyatlarının həcmi 15 milyard 639,6 milyon manat və ya 63,2% azalıb. BFB-nin açıqlamasına görə, SOCAR istiqrazlarının bazardan çıxması repo bazarında kəskin eniş yaradıb. Rəqəmlərdən göründüyü kimi bu eyni zamanda “PAŞA Kapital”ın nəticələrinə təsir edib. Bu istiqamətdəki azalma şirkətin ümumi birja dövriyyəsindəki geriləmənin təxminən 72%-nə bərabər olub.

Dövlət istiqrazları üzrə dövriyyə 77% azalıb

Şirkətin dövlət istiqrazları üzrə əməliyyatlarında da ciddi azalma qeydə alınıb. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında bu istiqamətdə dövriyyə 9 milyard 604,3 milyon manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə 2 milyard 168,9 milyon manata düşüb.

Beləliklə, dövlət istiqrazları üzrə əməliyyatların həcmi 7 milyard 435,4 milyon manat və ya 77,4% azalıb.

Korporativ istiqrazlar üzrə dövriyyə də 1 milyard 343,4 milyon manatdan 763,3 milyon manata enib. Bu istiqamətdə azalma 580,1 milyon manat və ya 43,2% təşkil edib.

Səhm əməliyyatlarında 300 dəfədən çox artım

Ümumi dövriyyənin azalmasına baxmayaraq, “PAŞA Kapital”ın səhmlər üzrə əməliyyatlarında əhəmiyyətli artım müşahidə olunub. 2025-ci ilin ilk 9 ayında şirkətin səhmlər üzrə dövriyyəsi cəmi 4,6 milyon manat olduğu halda, 2026-cı ilin eyni dövründə bu göstərici 1 milyard 492,1 milyon manata yüksəlib. Bu da əsasən “PAŞA Bank”ın səhmlərinin İPO-su ilə bağlıdır. 

Beləliklə, səhmlər üzrə dövriyyə təxminən 324 dəfə artıb.

Azərbaycan Mərkəzi Bankının notlarlı üzrə əməliyyatların həcmi də 697,3 milyon manatdan 1 milyard 256,3 milyon manata yüksəlib. Bu istiqamətdə artım 559 milyon manat və ya 80,2% olub.

Lakin səhm və Mərkəzi Bankın qiymətli kağızları üzrə artım repo və istiqraz əməliyyatlarındakı azalmanı kompensasiya etməyə kifayət etməyib.

Əqdlərin sayı 7,6 dəfə artıb, orta məbləğ isə kəskin azalıb

Diqqətçəkən məqamlardan biri şirkətin birja dövriyyəsinin azalmasına baxmayaraq, həyata keçirdiyi əməliyyatların sayının əhəmiyyətli dərəcədə artmasıdır. “PAŞA Kapital” 2025-ci ilin ilk 9 ayında 6 535 əqd bağladığı halda, 2026-cı ilin eyni dövründə bu göstərici 49 531-ə yüksəlib. Beləliklə, əqdlərin sayı 42 996 ədəd və ya təxminən 7,6 dəfə artıb.

Bununla yanaşı, bir əqdə düşən orta dövriyyə 5,57 milyon manatdan 298,4 min manata enib. Bu isə orta əqd məbləğinin təxminən 94,6% azalması deməkdir.

Qeyd edək ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC PAŞA Holding qrupuna daxildir. Şirkət kapital bazarında broker, diler və anderraytinq xidmətləri göstərir. 2026-cı ilin iyununda idarəetmə strukturu dəyişdirilərək CEO modeli tətbiq olunub. Şirkətin CEO-su İsi Mustafayevdir.

Plat.az