Slovakiya və Azərbaycan arasında formalaşan tərəfdaşlıq təkcə siyasi təmaslara deyil, qarşılıqlı etimada, bir-birinin müstəqilliyinə və gələcəyə yönəlmiş strateji hədəflərə söykənir
Slovakiya-Azərbaycan münasibətlərinin mühüm dayağı əlbəttə ki enerji sahəsidir. Azərbaycan qazının ötən ildən etibarən Slovakiyaya tədarük olunması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb. Bu əlbəttə ki, Slovakiya üçün mühüm strateji əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan 14 ölkəyə qaz ixrac edir və ümumi ixracın demək olar ki yarısı Avropa İttifaqının payına düşür. Yeni yataqların istismarı da Mərkəzi Avropanın enerji təhlükəsizliyini daha etibarlı edir. Eyni zamanda Azərbaycanın artan yaşıl enerji potensialı bu sahədə böyük imkanlar yaradır. Slovakiya şirkətlərinin bu prosesə qoşula biləcəyi perspektivli əməkdaşlıq xətti isə artıq formalaşmaqdadır. Bundan başqa hər iki ölkə müdafiə sənayesi sahəsində əməkdaşlığı prioritet hesab edir. Əlbəttə ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bildirdiyi kimi, məqsəd hərbi əməliyyatlar deyil, texnologiya və sənaye imkanlarını birləşdirərək yeni, rəqabət qabiliyyətli məhsullar yaratmaqdır.
Çünki, Slovakiyanın qabaqcıl texnologiyaları Azərbaycanın maliyyə və istehsal imkanları ilə birləşərək dünya bazarına çıxarıla biləcək məhsulların hazırlanmasını mümkün edir. Artıq bir sıra layihələr üzrə praktik işlər aparılır ki, bu da iki ölkə arasında etimadın və uzunmüddətli əməkdaşlığın güclü göstəricisidir.
Nəqliyyat və logistika sahəsində də Azərbaycan-Slovakiya əməkdaşlığı qeyd etmək olar. Belə ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizində əsas rola malikdir və nəqliyyat dəhlizinin əsas həlqəsi kimi çıxış edir. Orta Dəhliz üzərindən keçən marşrutlar Avrasiya məkanında ən təhlükəsiz və davamlı tranzit imkanlarını yaradır. Bu potensial Slovakiya üçün də böyük iqtisadi faydalar vəd edir. Ölkə başçısı cənab İlham Əliyevin fikrincə, qarşıdakı illərdə bu istiqamətə yönələcək investisiyalar iki ölkə arasında ticarət dövriyyəsini və iqtisadi əlaqələri daha da genişləndirməsinə yol açacaqdır. Cənab İlham Əliyevin bu günlərdə Slovakiyaya etdiyi rəsmi səfəri bir çox aspektlərdən mühüm əhəmiyyətə malik idi. Belə ki, səfər çərçivəsində bir-sıra sahələrlə bağlı yeni sənədlər də imzalanmışdır. İmzalanan sənədlər hər iki ölkənin münasibətlərinin gələcək əməkdaşlıq xəttini daha geniş və davamlı olacağından xəbər verir.
Bütün bu məqamlar onu göstərir ki, Slovakiya və Azərbaycan arasında formalaşan tərəfdaşlıq təkcə siyasi təmaslara deyil, qarşılıqlı etimada, bir-birinin müstəqilliyinə və gələcəyə yönəlmiş strateji hədəflərə söykənir. Bu dostluq əsasında qurulan əməkdaşlıq regionda sabitliyin, Avropada enerji təhlükəsizliyinin və Avrasiya boyunca iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edən real bir siyasət modeli kimi dəyərləndirilə bilər.
Salman Abdullayev;
Neftçala rayonu
