Sİ yazışmaları qətl işində sübut kimi göstərilib

Sİ yazışmaları qətl işində sübut kimi göstərilib

Fərid Əlizadə · Media ·

ABŞ-ın Florida ştatında iki doktorantın qətli ilə bağlı işdə şübhəlinin Sİ çat-botu ilə yazışmaları sübut materialı kimi gündəmə gəlib. Prokurorlar iddia edirlər ki, şübhəli qətldən bir neçə gün əvvəl insan bədəninin zibil torbasına qoyularaq konteynerə atılması ilə bağlı suallar verib.

Redaksiya Associated Press və Sky News-a istinadla xəbər verir ki, 26 yaşlı Hişam Əbuqarbiyə Cənubi Florida Universitetinin doktorantları Zamil Limon və Nahida Bristinin qətlində ittiham olunur. Məhkəmə sənədlərinə görə, o, ChatGPT-yə insanın qara zibil torbasına qoyulub zibil konteynerinə atılması halında nə baş verəcəyini soruşub.

Prokurorların məlumatına əsasən, çat-bot bunun təhlükəli göründüyünü bildirəndən sonra şübhəli “bunu necə biləcəklər?” məzmunlu əlavə sual verib. İttiham tərəfi bu yazışmaları hadisədən əvvəl niyyət və gizlətmə cəhdi ilə bağlı mühüm rəqəmsal iz kimi təqdim edir.

Zamil Limonun meyiti Tampa körfəzi yaxınlığında zibil torbasında tapılıb. Daha sonra Nahida Bristinin də meyitinin aşkarlanması barədə məlumat yayılıb. Hər iki şəxs Banqladeşdən olan doktorant idi və ABŞ-da təhsil alırdı.

Hadisə Sİ sistemləri ilə istifadəçi yazışmalarının cinayət işlərində necə qiymətləndiriləcəyi barədə yeni hüquqi və etik müzakirələr yaradıb. Ekspertlər bildirirlər ki, belə yazışmalar təkbaşına hökm üçün kifayət etməsə də, digər fiziki və rəqəmsal sübutlarla birlikdə istintaq üçün əhəmiyyətli ola bilər.