ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşündə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə bir sıra diqqətçəkən açıqlamalar verib. Tramp MBS-i “çox hörmət edilən lider” adlandıraraq münasibətlərin strateji dəyərini xüsusi vurğulayıb.
Redaksiya xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına ən azı 600 milyard dollar investisiya ayıracağını, bu rəqəmin isə MBS-in sözlərinə görə 1 trilyon dollara qədər arta biləcəyini bildirib. Tramp bu vədi “çox xoş” qiymətləndirərək qarşılıqlı iqtisadi əlaqələrin daha da dərinləşəcəyini qeyd edib. O, İranın nüvə imkanlarının “effektiv şəkildə məhv edildiyini” söyləyərək regional təhlükəsizlikdə birgə səyləri yüksək qiymətləndirib.
Görüş zamanı ABŞ prezidenti Donald Tramp MBS-in insan haqları sahəsində atdığı addımları “inanılmaz” adlandırıb və Cəmal Xaşoggi məsələsində “hadisələrin baş verdiyini, MBS-in isə məlumatlı olmadığını” qeyd edib. Tramp, həmçinin, F-35 qırıcılarının Səudiyyə Ərəbistanına İsraillə eyni səviyyədə çatdırılacağını təsdiqləyib və bunun iki tərəf üçün də üstünlük olduğunu bildirib.
Söhbət zamanı MBS “israillilər və fələstinlilər üçün sülh istədiklərini” deyərək Əbraham Sazişlərinə müsbət yanaşmasını ifadə edib. Tramp isə əvvəlki administrasiyanı sərt tənqid edərək ABŞ-ın Yaxın Şərq siyasətində yeni mərhələyə keçdiyini vurğulayıb. O, eyni zamanda Venesuela prezidenti Nikolas Maduronun danışıqlara hazır olduğunu bildirib və dialoqa açıq qaldığını qeyd edib.
ABŞ prezidenti Donald Tramp Jeffrey Epstein haqqında suallara cavab verərkən onunla heç bir əlaqəsinin olmadığını, illər əvvəl “xəstə davranışları” səbəbilə öz klubundan çıxardığını deyib. O, ABC-nin lisenziyasının geri alınmasını belə gündəmə gətirib və bəzi jurnalistlərin davranışlarını sərt tənqid edib.
MBS Qəzzanın bərpası üçün də Səudiyyə Ərəbistanının maliyyə öhdəliyinə dair danışıqların davam etdiyini bildirib. ABŞ prezidenti Donald Tramp bunun “böyük məbləğ” olacağını və MBS üçün strateji əhəmiyyət daşıdığını qeyd edib.
