Səudiyyə Ərəbistanı 1952-ci ildən bəri qüvvədə olan alkoqol qadağasını 73 ildən sonra qismən aradan qaldırmaq qərarı verib. Bu addım, ölkənin iqtisadi və turizm sahəsində modernləşmə hədəflərini əks etdirən “Vision 2030” (Vizyon 2030) proqramı çərçivəsində atılıb.
Redaksiya xəbər verir ki, 2026-cı ildən etibarən yalnız müəyyən diplomatik zonalarda, lisenziyalı otellərdə və xüsusi turistik məkanlarda aşağı dərəcəli alkoqollu içkilərin – şərab, pivə və sidr – satışı və istifadəsinə məhdud şəkildə icazə veriləcək.
Qanunvericiliyə əsasən, alkoqolun satışı yalnız rəsmi şəkildə təlim keçmiş və sertifikatlı personal tərəfindən həyata keçirilə bilər. Satış və istehlak fəaliyyəti isə sıx nəzarət və ciddi tənzimləmə altında aparılacaq.
Səudiyyə Ərəbistanı bu dəyişikliklə həm qlobal turizm bazarında rəqabət qabiliyyətini artırmağı, həm də 2030 Dünya Sərgisi və 2034 FIFA Dünya Kuboku kimi beynəlxalq tədbirlərə ev sahibliyi potensialını gücləndirməyi hədəfləyir.
Ekspertlər bildirirlər ki, bu qərar ölkənin ənənəvi dəyərlərlə modern idarəçilik arasında tarazlıq yaratmaq cəhdidir. Alkoqol istifadəsinə qismən icazə, cəmiyyətin mədəni və dini həssaslıqları nəzərə alınaraq həyata keçiriləcək. Bu da ölkənin tədrici, lakin sistemli islahatlar yolu ilə açıq iqtisadi və sosial mühitə keçidini göstərir.
Kənan Cəlilov
