Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq - XƏBƏRDARLIQ

Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq - XƏBƏRDARLIQ

Aytac Dəniz · Cəmiyyət ·

5–21 sentyabr 2026-cı il tarixlərində ε-Perseid meteor yağışı aktiv olacaq. Meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, sentyabr ε-Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminən 64–65 km/s-dir. Meteor yağışının mənbəyi (radiantı) Persey (Perseus) bürcündə, ε Persey ulduzunun yaxınlığında yerləşir.

Bu meteor yağışını avqust Perseidləri ilə qarışdırmaq olmaz. Avqust Perseidlərinin mənbəyi “109P/Swift–Tuttle” kometi olduğu halda, sentyabr ε-Perseidlərinin ana cismi hələ də dəqiq müəyyən edilməyib. Müşahidələr və orbital hesablamalar bu meteorların uzunperiodlu, retroqrad orbitdə hərəkət edən, hələ kəşf edilməmiş bir kometdən yarandığını göstərir. 2013-cü ildə müşahidə edilmiş güclü aktivlik artımının analizi də meteorların komet mənşəli olduğunu göstərib, lakin məlum kometlər arasında uyğun ana cisim aşkar edilməyib.

Bakıdan baxanda meteor yağışı təxminən saat 19:32-də üfüqün şərq tərəfində görünəcək və səhərə qədər aktiv qalacaq. Müşahidə üçün ən əlverişli vaxt 9 sentyabr gecəsi və xüsusilə gecə yarısından sonra sübhə yaxın saatlardır. Bu zaman meteor yağışının radiantı səmada çox yüksək mövqedə yerləşəcək. Əlverişli hava şəraitində saatda təxminən 4 meteor müşahidə etmək mümkündür. Meteor yağışının maksimumu Yeni Ay fazasına yaxın baş verəcək. Buna görə də Ay işığı müşahidələrə demək olar ki, mane olmayacaq və bu, müşahidə şəraitini xeyli yaxşılaşdıracaq.