Səbaildə binaların özülünü kəsdilər - MTK-nın qalmaqallı fəaliyyəti sakinləri dəhşətə gətirir

Səbaildə binaların özülünü kəsdilər - MTK-nın qalmaqallı fəaliyyəti sakinləri dəhşətə gətirir

Aytac Dəniz · Cəmiyyət ·

Paytaxtın Əhəd Yaqubov küçəsi 17-də yerləşən “Ulubəy” MTK-nın inşa etdiyi “Yeni Şəhər” yaşayış kompleksi ilə bağlı vətəndaş şikayətlərinin ardı-arası kəsilmir.

Yaşayış kompleksinin bir qrup sakini Musavat.com-a müraciət edərək bildirib ki, çoxmərtəbəli binaların özülündə dayanıqlığı təmin edən riger beton xətləri MTK rəhbərliyi tərəfindən kəsilib.

Onlar deyiblər ki, binanın alt hissəsindəki özül beton hissələrini şirkət rəhbərliyi bəzi yerlərdə kəsib və zirzəmilərdə müxtəlif obyektlər yaradılıb:

“Rigerlərin zədələnməsi ilə bağlı əvvəllər də narahatlığımızı bildirmişik. Fövqəladə Hallar Nazirliyinə və digər qurumlara müraciət etmişik. 15 və 17-ci binalarda rigerlərin kəsilməsinə aid kifayət qədər sübutlar və görüntülər mövcuddur. Binların konstruktiv quruluşuna qeyri-qanuni müdaxilənin edilməsi sakinlərin həyatını təhlükəyə atır. Hər hansı fövqəladə halın baş verməsi halında burada ağır nəticələrə səbəb ola biləcək hallar baş verə bilər. Binanı tikən və istismar edən “Ulubəy” MTK-nın rəhbərliyi öz maddi maraqlarını biz sakinlərin həyatı bahasına təmin etməməlidir və dövlət qurumları bu hallara göz yummamalıdır”.

Bildirilib ki, 2020-ci ildə Fövqəladə Hallar Nazirliyi “Bəy Mamedı” adı ilə tanınan sahibkar Məmməd İsmayılovun inşa etdirdiyi yaşayış kompleksinə daxil olan binalardan 3-də qeyri-qanuni halı müəyyən edib və buna dair sənəd də mövcuddur. Həmin sənəddə qeyd edilib ki, binalara baxış keçirilərkən yaşayış binalarından 3-də layihədən kənarlaşmaqla qeyri-qanuni formada zirzəmilərə qapılar açılıb.

Yaşayış kompleksində layihədən kənar çoxsaylı tikililərin mövcud olduğunu bildirən sakinlər həyətin də bütövlükdə hasarlandığını, orada MTK rəhbərliyi tərəfindən evin tikildiyini deyiblər:

“Həmin ərazinin guya “Zəfər Parkı” ediləcəyini desələr də, hasarlar olduğu kimi qalır. Bu həyət park olacaqsa, niyə hasarların içindədir. Bundan başqa, su çəninin içinin çirkli olması, həftədə 3 gün suyun verilməsi, liftlərin quraşdırılmaması, binada fəaliyyət göstərən “Mavi dəniz” restoranının havalandırma sisteminin yaydığı xoşagəlməz qoxu, parkinqin restoran müştəriləri və digər yad şəxslər tərəfindən zəbt edilməsi, binanın dam örtüyünün sıradan çıxması, daş üzlüyünün tez-tez qopması və sair. Saya-saya bitməz bu kompleksin problemləri. Bütün bunlar azmış kimi, binanın bir hissəsinin “Ulubəy” MTK tərəfindən hotel kimi istifadə edilməsi vəziyyəti daha da acınacaqlı hala gətirib. Gecə saatlarında buradan yüksələn xoşagəlməz səslər, qeyri-sağlam həyat tərzi sürən şəxslərin cəmləşərək etdiyi hərəkətlər bir vətəndaş kimi hüquqlarımızı və istirahətimizi pozur. Belə bir şəraitdə yaşamaq, uşaq böyütmək çox çətindir və bununla bağlı MTK rəhbərliyinə dəfələrlə məlumat vermişik. Amma onlar heç kimə əhəmiyyət vermir, “gedin kimə şikayət edirsiz, edin!” deyirlər”.

Musavat.com