Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Aramco beynəlxalq banklardan 10 milyard dollar məbləğində kredit cəlb etməyə hazırlaşır. Şirkətin iri maliyyə qurumları ilə danışıqlarının yekun mərhələyə çatdığı bildirilir. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Saudi Aramco Yaxın Şərqdə davam edən hərbi gərginlik və neft ixracına yaranan risklər fonunda maliyyə imkanlarını gücləndirməyi planlaşdırır. Kredit razılaşmasının yaxın həftələrdə imzalanacağı gözlənilir.
Məlumata görə, maliyyələşmədə ABŞ-ın JPMorgan Chase və Citigroup, Böyük Britaniyanın HSBC, Çinin Bank of China və Industrial and Commercial Bank of China, eləcə də Yaponiyanın Mitsubishi UFJ Financial Group banklarının iştirakı nəzərdə tutulur.
Şirkətin əldə etməyi planlaşdırdığı maliyyələşmə bərpa olunan kredit xətti formasında olacaq. Bu mexanizm Saudi Aramco-ya müəyyən edilmiş limit daxilində ehtiyac yarandıqca vəsait götürmək və borcu qaytardıqdan sonra yenidən istifadə etmək imkanı verəcək.
Danışıqlarda müzakirə olunan şərtlərə əsasən, kredit üzrə faiz dərəcəsinin ABŞ dolları ilə maliyyələşmədə istifadə olunan SOFR göstəricisindən 0,6 faiz bəndi yüksək olması nəzərdə tutulur.
Bildirilir ki, şirkətin əlavə maliyyə resursları cəlb etmək qərarı regionda hərbi qarşıdurmaların enerji infrastrukturuna və xam neft daşımalarına yaratdığı risklərlə əlaqədardır.
Bununla belə, kredit müqaviləsi hələ yekunlaşdırılmayıb. Maliyyələşmənin dəqiq şərtləri tərəflər arasında danışıqlar başa çatdıqdan sonra məlum olacaq.
