Salyanda şəhid Əli Tağıyevin xatirəsi doğum günündə yad edilib

Salyanda şəhid Əli Tağıyevin xatirəsi doğum günündə yad edilib

Aytac Dəniz · Cəmiyyət ·

Salyan şəhərində 44 günlük Vətən Müharibəsi şəhidi Tağıyev Əli Rahil oğlunun anadan olmasının 25-ci ildönümü münasibətilə ailəsi ziyarət olunub. Ziyarətdə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Heydər Quliyev, rayon təşkilatının əməkdaşları və fəalları iştirak ediblər.

Görüş zamanı çıxış edənlər Əli Tağıyevin Vətən qarşısında göstərdiyi fədakarlıqdan, onun döyüş yolundan və şəhidlik zirvəsinə ucalmasından söz açıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər şəhidlərimizin canı və qanı bahasına əldə edilib. Əli Tağıyev kimi Vətən övladlarının göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların keçdiyi şərəfli döyüş yolu gənc nəslə vətənpərvərlik nümunəsi olacaq. Çıxışlarda şəhid ailələrinə göstərilən dövlət qayğısının və diqqətin daim yüksək səviyyədə olduğu vurğulanaraq, şəhidlərin əziz xatirəsinin yad edilməsinin, onların ailələrinin ziyarət olunmasının hər birimizin mənəvi borcu olduğu qeyd edilib. Həmçinin şəhidlərin həyat və döyüş yollarının öyrənilməsinin, onların qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsinin böyük əhəmiyyət daşıdığı bildirilib.

Ziyarət zamanı şəhidin ailə üzvləri ilə səmimi söhbət aparılıb, Əli Tağıyevin həyat və döyüş yoluna dair xatirələr bölüşülüb. Şəhid ailəsinə diqqət və ehtiram ifadə olunub, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı tərəfindən Əli Tağıyevin əziz xatirəsinə həsr olunmuş xatirə saatı ailəyə təqdim edilib. Görüşdə şəhidlərin xatirəsinin daim uca tutulacağı, onların ailələrinin diqqət və qayğı ilə əhatə olunmasının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.