"S&P" Azərbaycanın Biznesin İnkişafı Fondunun reytinqini "BB" səviyyəsinə qaldırıb

"S&P" Azərbaycanın Biznesin İnkişafı Fondunun reytinqini "BB" səviyyəsinə qaldırıb

Aytac Dəniz · Maliyyə ·

Beynəlxalq reytinq agentliyi "S&P Global Ratings" "Azərbaycan Biznesinin İnkişafı Fondu" (ABDF) uzunmüddətli kredit reytinqini "BB-" səviyyəsindən "BB" səviyyəsinə qaldırıb, qısamüddətli reytinqini isə "B" səviyyəsində təsdiqləyib.

Agentliyin məlumatında deyilir ki, uzunmüddətli reytinq üzrə proqnoz "stabildir".

"S&P Global Ratings"in məlumatına görə, reytinqin qaldırılması keçmiş Sahibkarlığın İnkişafı Fondunun (EDF) problemli kreditlərinin böyük hissəsinin silinməsindən sonra birləşdirilmiş fondun risk profilinin yaxşılaşması ilə bağlıdır.

"ABDF 2025-ci il yanvarın 1-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan EDF və Azərbaycan İnvestisiya Şirkətinin (AIC) hüquqi birləşməsi nəticəsində yaradılıb. Hazırda qurumlar əməliyyat inteqrasiyası prosesindədir.

2025-ci ilin ortalarına EDF-in aktivləri 1,05 milyard manat (təxminən 615 milyon dollar), AIC-in aktivləri isə 374 milyon manat (təxminən 220 milyon dollar) təşkil edib.

2024-cü ilin sonunda EDF 2016–2020-ci illərdə lisenziyaları ləğv edilmiş maliyyə təşkilatlarına verilmiş və tam ehtiyat ayrılmış 192 milyon manat məbləğində 3-cü mərhələ (Stage 3) kreditlərini silib. Nəticədə, EDF-də 3-cü mərhələ kreditlərinin həcmi 2025-ci ilin ortalarına qədər azalaraq 9,7 milyon manat və ya ümumi kredit portfelinin 1,4%-ni təşkil edib ki, bu da 2023-cü ilin sonundakı 24%-lik göstərici ilə müqayisədə kəskin azdır", - deyə agentlik bildirir.

"S&P" qeyd edir ki, bu göstərici agentliyin Azərbaycanın bank sektoru üzrə 3-cü mərhələ kreditlərinin payının 5-6% təşkil etdiyi cari qiymətləndirməsindən əhəmiyyətli dərəcədə aşağıdır.

Bununla yanaşı, agentlik vurğulayır ki, yerli şirkətlərdə payların əldə edilməsini nəzərdə tutan AIC-in investisiya fəaliyyəti, kiçik və orta biznesin sonrakı kreditləşdirilməsi üçün yerli banklara maliyyə təmin edən EDF-in kredit portfeli ilə müqayisədə daha yüksək risk səviyyəsi ilə səciyyələnir.

Bununla belə, "S&P" birləşdirilmiş fondun kapitallaşmasının çox yüksək səviyyədə qalacağını gözləyir ki, bu da reytinqin yüksəldilməsini dəstəkləyir.

Stabil proqnoz "S&P"nin yaxın 12 ay ərzində EDF və AIC-in əməliyyat inteqrasiyası prosesinin irəliləyəcəyi, ABDF-in isə çox yüksək kapitallaşma səviyyəsini və mühafizəkar risk meylini qoruyub saxlayacağı gözləntilərini əks etdirir.

"S&P" ABDF-in 2025-ci il üçün BHBS-ə (IFRS) uyğun konsolidə edilmiş audit olunmuş maliyyə hesabatını 2026-cı ilin iyun ayında dərc edəcəyini gözləyir.

Agentlik qeyd edir ki, inteqrasiya prosesi çətinliklərlə üzləşərsə və ya fond birləşmədən sonra risk profilini artıraraq əhəmiyyətli həcmdə borç öhdəlikləri toplayarsa, ABDF-in reytinqini endirə bilər.

Eyni zamanda, yaxın 12 ay ərzində reytinqin qaldırılmasını "S&P" az ehtimallı hesab edir: "Daha uzunmüddətli perspektivdə reytinqin qaldırılması fondun dövlət siyasətinin həyata keçirilməsində sabit rol və əhəmiyyət nümayiş etdirməsindən, eləcə də Azərbaycanın suveren reytinqinin qaldırılmasından asılı ola bilər".

Trend