Rusiya Prezidenti Vladimir Putin dünən Kremldə Suriyanın yeni Prezidenti Əhməd Şaranı qəbul edib. Görüş zamanı tərəflər Rusiya–Suriya münasibətlərinin mövcud vəziyyətini və gələcək əməkdaşlıq perspektivlərini geniş şəkildə müzakirə ediblər.
Redaksiya xəbər verir ki, Vladimir Putin çıxışında Rusiya tikinti kompleksinin Suriyanın bərpasında iştirak etməyə hazır olduğunu bildirib. O qeyd edib ki, Əhməd Şaranın ötən ilin oktyabrında Moskvaya səfərindən sonra iki ölkə arasında münasibətlərin bərpası istiqamətində mühüm işlər görülüb və bu proses ardıcıl şəkildə davam etdirilir.
Rusiya Prezidenti vurğulayıb ki, İkinci Dünya müharibəsi dövründə Dəməşqin müstəqilliyinin tanınmasından bəri Rusiya ilə Suriya arasında münasibətlərdə heç vaxt “qara səhifələr” olmayıb. Onun sözlərinə görə, sənaye, idman və tibb sahələrində birgə həyata keçirilməsi planlaşdırılan faydalı tədbirlər mövcuddur. Vladimir Putin, həmçinin Suriyanın ərazi bütövlüyünün bərpası istiqamətində Əhməd Şaranın səylərini dəstəklədiyini bəyan edib.
Suriya Prezidenti Əhməd Şara isə çıxışında Rusiya Federasiyasının Suriyada və ümumilikdə Yaxın Şərqdə vəziyyətin sabitləşdirilməsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Dəməşq və Moskva arasında müzakirə və inkişaf etdirilə biləcək çoxsaylı mövzular mövcuddur.
Əhməd Şara sonda Rusiya Prezidentinə Ərəb Respublikasında vəziyyətin sabitləşdirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib və iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
