Rusiyalı milyarder Aleksey Mordaşov ilə əlaqələndirilən “Nord” superyaxtası Hörmüz boğazından keçib. “The Jerusalem Post”un Reuters-ə istinadən yaydığı məlumata görə, bu, ABŞ-ın İrana qarşı blokadası və regionda gəmi hərəkətinin kəskin azalması fonunda baş verib.
Redaksiya istinadla xəbər verir ki, məlumata əsasən, son 24 saat ərzində Hörmüz boğazından azı 7 gəmi keçib. Bu göstərici İran müharibəsindən əvvəl qeydə alınan gündəlik təxminən 140 keçidlə müqayisədə xeyli aşağıdır. Gəmilər əsasən quru yük daşıyan ticarət gəmiləri olub; onların bir hissəsi İraq limanlarından, biri isə İran limanından çıxıb.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, aprelin 13-də İrana qarşı blokada tətbiq ediləndən bəri 37 gəminin marşrutu dəyişdirilib. Bununla yanaşı, peyk məlumatlarına görə, son günlərdə İran limanlarına qayıdan və yenidən Hörmüzdən keçən 6 İran tankeri təxminən 10,5 milyon barel neft daşıyıb.
“Nord” adlı 142 metrlik superyaxta cümə günü Dubaydakı marinadan çıxıb, şənbə səhəri Hörmüz boğazını keçib və bazar günü səhər Omanın paytaxtı Maskata çatıb. Yaxtanın marşrutdan istifadə üçün necə icazə aldığı hələlik məlum deyil.
Dəyəri 500 milyon dollardan çox qiymətləndirilən “Nord” dünyanın ən böyük superyaxtalarından biri sayılır. Gəmidə 20 kabin, hovuz, helikopter meydançası və sualtı qayıq olduğu bildirilir. Mordaşov Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalan oliqarxlardandır.
