Rusiya rəqəmsal platformalara qarşı məhdudiyyətləri yenidən nəzərdən keçirir

Rusiya rəqəmsal platformalara qarşı məhdudiyyətləri yenidən nəzərdən keçirir

Səidə Əsədli · Texnologiya ·

Rusiya Dövlət Dumasında Telegram və digər messencerlərin bloklanmasının qadağan edilməsi təşəbbüsü irəli sürülüb. Deputatlar xidmətlərin bağlanmasına qarşı müddətsiz moratoriumun tətbiqini təklif edərək, rəqəmsal kommunikasiya sahəsində yaranmış gərginliyin aradan qaldırılmasını hədəfləyirlər.

Redaksiya xəbər verir ki, təşəbbüs artıq 17 deputat tərəfindən dəstəklənib və qanun layihəsinin müəllifləri bu addımın son dövrlərdə müşahidə olunan davamlı yavaşlatmalar və bloklamalardan sonra vəziyyəti normallaşdıracağına əmindirlər.

Təklifin əsaslandırılmasında bildirilir ki, vətəndaşların rəqəmsal hüquqlarının məhdudlaşdırılması əhalinin böyük əksəriyyəti üçün qeyri-populyar qərardır və bu, onların həyat keyfiyyətinin birbaşa pisləşməsinə gətirib çıxarır.

Deputatlar hesab edirlər ki, messencerlərə tətbiq olunan qadağalar ictimai narazılığı artırır, informasiya mübadiləsini çətinləşdirir və dövlətlə cəmiyyət arasında etimadı zəiflədir. Buna görə də, xidmətlərin bloklanmasına son qoyulması ölkədə rəqəmsal sabitliyin qorunmasına xidmət edə bilər.