NATO-nun baş katibi Mark Rutte Rusiyanın hərbi potensialının artması ilə bağlı ciddi xəbərdarlıq edib. Rutte bildirib ki, Rusiya ordusunu yenidən qurur və gözlənildiyindən daha sürətli silah istehsal edir. Bu isə NATO üçün ciddi təhlükə yaradır.
Redaksiya xəbər verir ki, Rutte bu barədə "The Telegraph" nəşrinə müsahibəsində danışıb. O qeyd edib ki, Rusiya 5 il ərzində NATO-ya qarşı hərbi güc tətbiq etməyə hazır ola bilər. Rutte Rusiyanın hərbi gücünün artmasının NATO üzvləri üçün təhlükə yaratdığını vurğulayaraq, müttəfiqləri müdafiə xərclərini artırmağa və hərbi hazırlıq səviyyəsini yüksəltməyə çağırıb. NATO baş katibi bildirib ki, Rusiya ilə bağlı vəziyyət gərgin olaraq qalır və alyans bu təhdidə qarşı hazırlıqlı olmalıdır. Rutte həmçinin qeyd edib ki, NATO-nun əsas məqsədi müharibənin qarşısını almaqdır.
Rusiya tərəfindən bu cür hərbi hazırlıqların aparılması, Qərb ölkələri ilə münasibətlərdə gərginliyin artmasına səbəb ola bilər. NATO-nun bu məsələyə reaksiyası, müdafiə xərclərinin artırılması və hərbi əməkdaşlığın gücləndirilməsi kimi addımlarla müşayiət oluna bilər. Bu isə öz növbəsində, regionda təhlükəsizlik mühitinin daha da mürəkkəbləşməsinə gətirib çıxara bilər.
Sevinc Kərimova
