Rusiya NATO-ya nüvə triadasını nümayiş etdirir

Rusiya NATO-ya nüvə triadasını nümayiş etdirir

Yulduz Səlimov · Media ·

Rusiya Müdafiə Nazirliyi mayın 19-dan 21-dək strateji nüvə qüvvələrinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirdiyini açıqlayıb.

Redaksiya xəbər verir ki, təlimlərə Strateji Raket Qoşunları, Şimal və Sakit okean donanmaları, uzaqmənzilli aviasiya, həmçinin Leninqrad və Mərkəzi hərbi dairələrinin bir hissəsi cəlb olunub.

Rusiyalı hərbi ekspertlər bu manevrləri NATO-nun Polşa, Baltikyanı ölkələr, Finlandiya və İsveçdəki hərbi fəallığına cavab kimi qiymətləndirirlər.

General-mayor Sergey Lipovoy bildirib ki, Ukraynanın dron hücumları və onların NATO ölkələri üzərindən marşrutları Moskvanın təhlükəsizlik narahatlıqlarını artırır. Onun sözlərinə görə, Rusiya Belarusla birgə təlimlər keçirməklə öz ərazilərini müdafiə etməyə hazır olduğunu nümayiş etdirir.

Təlimlər fonunda Rusiyanın yeni strateji silah sistemləri də yenidən gündəmə gəlib.

“Oreşnik” kompleksi NATO üçün ən az öyrənilmiş sistemlərdən biri hesab olunur. Rus mənbələri bildirir ki, yüksək sürət və manevr qabiliyyəti səbəbindən mövcud Qərb raketdən müdafiə sistemləri onu vaxtında aşkarlamaqda çətinlik çəkə bilər.

“Sarmat” qitələrarası raketi isə böyük uçuş məsafəsi və yüksək döyüş yükü ilə Rusiyanın əsas strateji nüvə platformalarından biri sayılır.

“Bulava” dəniz bazalı raketi və “Poseydon” pilotsuz nüvə sistemi də Moskvanın nüvə triadasının əsas elementləri arasında göstərilir.

Analitiklər hesab edirlər ki, Rusiya bu təlimlərlə həm NATO-ya mesaj verir, həm də nüvə çəkindirmə potensialını nümayiş etdirməyə çalışır.