Rusiya Danimarka səfirini XİN-ə çağırıb

Rusiya Danimarka səfirini XİN-ə çağırıb

Sevinc Kərimova · Media ·

Rusiyanın Xarici İşlər Nazirliyi Danimarkanın Moskvadakı səfiri Rolf Holmboeni Baltik dənizində baş verən hərbi insidentlə əlaqədar nazirliyə çağırıb. Moskva Danimarka Hərbi Hava Qüvvələrinə məxsus Fennec helikopterinin Rusiyanın Baltik Donanmasının "Soobrazitelny" korvetinə qarşı təhlükəli manevr etdiyini bildirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Rusiya tərəfinin versiyasına əsasən, hadisə sentyabrın 14-də Baltik dənizinin neytral sularında baş verib. Moskva bildirir ki, Danimarka helikopteri gəmiyə yaxınlaşaraq 50 metrdən az hündürlükdə uçub, ekipajın beynəlxalq rabitə kanalları ilə etdiyi xəbərdarlıqlara cavab verməyib. Bundan sonra korvetdən iki qırmızı siqnal raketi buraxılıb və helikopter ərazini tərk edib.

Danimarka Silahlı Qüvvələri isə hadisənin fərqli versiyasını təqdim edib. Kopenhagenin məlumatına görə, helikopter beynəlxalq sularda Rusiya gəmisinin adi fotoçəkilişini həyata keçirib və heç vaxt korvetə təxminən 150 metrdən yaxın məsafəyə daxil olmayıb. Danimarka tərəfi Rusiya gəmisinin siqnal raketləri buraxmasını təhlükəli və gərginliyi artıran hərəkət kimi qiymətləndirib.

Rusiya XİN Danimarka helikopterinin hərəkətlərini beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb. Danimarka isə daha əvvəl eyni insidentlə bağlı Rusiyanın səfirini XİN-ə çağıraraq etirazını bildirmişdi. Tərəflərin hadisənin məsafəsi və helikopterin davranışı ilə bağlı açıqlamaları bir-birindən fərqlənir.