Qlobal hərbi xərclərin artımı sülhün davamlılığını təhlükəyə atır

Qlobal hərbi xərclərin artımı sülhün davamlılığını təhlükəyə atır

Sevinc Kərimova · Hərbi ·

Dünyada hərbi xərclər sürətlə yüksəlir, bu isə yeni silahlanma yarışına təkan verir və dövlətlərin büdcələrinə, inkişaf prioritetlərinə ciddi təzyiq göstərir. 2024-cü ildə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, ordulara 2,7 trilyon ABŞ dolları həcmində vəsait sərf edilib. Bu rəqəm əvvəlki illə müqayisədə 9 faizdən çox artım deməkdir və Soyuq müharibədən bəri ən böyük sıçrayış kimi qeydə alınıb.

Redaksiya xəbər verir ki, BMT Baş katibi Antonio Quterreş “Bizim ehtiyacımız olan təhlükəsizlik: davamlı və sülh dolu gələcək üçün hərbi xərclərin yenidən balanslaşdırılması” adlı yeni hesabatını açıqlayıb. Sənəddə indiki tendensiyalar davam edərsə, 2035-ci ilə qədər qlobal hərbi xərclərin 4,7 – 6,6 trilyon dollar həcmində ola biləcəyi barədə xəbərdarlıq edilib.

Hesabatda qeyd olunur ki, 6,6 trilyon dollarlıq illik hərbi büdcə Soyuq müharibənin sonunda qeydə alınan göstəricidən beş dəfə çox, 2024-cü ildəki məbləğdən isə iki dəfədən artıq olacaq. Bu isə bəşəriyyətin gələcəyinə birbaşa təhlükə hesab olunur, çünki inkişaf və sülh təşəbbüslərinə yönələcək resurslar hərbiləşməyə sərf olunur.

Ekspertlər vurğulayırlar ki, hərbi xərclərin sürətli artımı bütün regionlarda müşahidə olunur və əsasən artan geosiyasi gərginlik, münaqişələr və təhlükə hissi ilə izah edilir. Lakin bu yanaşma təhlükəsizliyi təmin etmək əvəzinə, əksinə, yeni silahlanma yarışlarına səbəb olur, dövlətlər arasında etimadsızlığı dərinləşdirir və beynəlxalq münasibətləri daha da sabitlikdən uzaqlaşdırır.

Quterreşin hesabatı BMT üzv dövlətlərinin 2024-cü ildə qəbul etdiyi “Gələcək üçün Pakt” sənədinə uyğun olaraq hazırlanıb. O, hərbi xərclərin artımının yaratdığı çətin seçimləri araşdırır və sülhə, insanlığın gələcəyinə sərmayə qoyulmasının vacibliyini önə çəkir.

Sənəddə həmçinin diplomatiyanın, əməkdaşlığın, davamlı inkişafın və silahsızlanmanın prioritet təşkil etdiyi insan mərkəzli, çoxtərəfli təhlükəsizlik yanaşmasına keçidin zəruriliyi vurğulanır.