Qızıl və gümüş qiymətləri rekord həddə çatdı

Qızıl və gümüş qiymətləri rekord həddə çatdı

Arzu Qafarova · İqtisadiyyat ·

Birja ticarəti zamanı qızıl və gümüşün qiymətləri tarixi rekordları yeniləyib. Qızılın bir unsiyasının qiyməti 5,625.89 dollar səviyyəsinə yüksəlib, gümüş isə 119.45 dollar həddinə çatıb. Analitiklər qiymətli metallara marağın artmasını qlobal maliyyə qeyri-müəyyənliyi və investorların riskdən yayınma strategiyaları ilə əlaqələndirirlər.

Redaksiya xəbər verir ki, qiymətli metalların kütləvi şəkildə alınması fonunda ABŞ prezidenti Donald Tramp jurnalistin sualını cavablandırarkən dollarla bağlı vəziyyətin stabil olduğunu bildirib. O, qiymətli metalların alınmasına baxmayaraq, ABŞ valyutasında hər hansı problem olmadığını vurğulayıb.

Mütəxəssislərin fikrincə, qızıl və gümüşün bu səviyyəyə qədər bahalaşması inflyasiya gözləntiləri, geosiyasi risklər və maliyyə bazarlarında qeyri-sabitliklə birbaşa bağlıdır. Qeyd olunur ki, investorlar təhlükəsiz aktivlərə yönəldikcə qiymətli metallara tələbat daha da arta bilər.