Cinsi istismara görə məhkum edilmiş Qislaine Maksvel, ABŞ Ədliyyə Nazirliyi tərəfindən Ceffri Epşteyn işi ilə əlaqəli “100-dən çox şəxs” haqqında dindirilib.
Redaksiya xəbər verir ki, bu barədə onun vəkili Devid Oskar Markus məlumat verib. Onun sözlərinə görə, bu, Maksvelin bu qədər genişmiqyaslı suallara ilk dəfə cavab verməsi olub.
Hazırda 20 illik həbs cəzasını çəkən Maksvel apellyasiya prosesinə hazırlaşır. Bəzi mənbələr onun istintaqa əməkdaşlıq etməsinin ABŞ prezidenti Donald Trampdan potensial əfv əldə etmək üçün atılmış addım ola biləcəyini iddia edir.
Tramp bu ehtimala açıq olduğunu etiraf etsə də, hələlik bu barədə konkret qərar vermədiyini bildirib.
Maksvelin vəkili Devid Markus qeyd edib: “Epşteynlə nə baş verdiyi barədə həqiqət ortaya çıxacaq və bu suallara cavab verən şəxs Qislaine Maksveldir.”
Hazırda istintaq orqanları Epşteyn şəbəkəsi ilə əlaqəli daha geniş dairəni araşdırır və Maksvelin verdiyi ifadələrin bu çərçivədə əhəmiyyətli rol oynayacağı gözlənilir.
Sevinc Kərimova
