Qəbələ və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə (UADM) ikigünlük infotur təşkil olunu

Qəbələ və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə (UADM) ikigünlük infotur təşkil olunu

Aytac Dəniz · Cəmiyyət ·

24–25 noyabr 2026-cı il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Qəbələ və Zaqatala rayonlarında fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə (UADM) infotur keçirilib.

Regionlarda həssas kateqoriyadan olan ailə, qadın və uşaqlara göstərilən dəstək tədbirləri ilə yerində tanışlıq və ictimai məlumatlılığın artırılması məqsədi daşıyan infoturda qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və jurnalistlər iştirak edib.

Səfər çərçivəsində iştirakçılar hər iki mərkəzdə yaradılan şərait ilə yaxından tanış olublar və onlara mərkəzlərdə həyata keçirilən əsas dəstək istiqamətləri — həssas təbəqədən olan ailələrə və uşaqlara göstərilən sosial- psixoloji və sosial-pedaqoji dəstək tədbirləri barədə geniş məlumat verilib.

Mərkəz rəhbərləri təqdimatla çıxış edərək mərkəzlərə daxil olan müraciətlərin xarakteri, onların araşdırılması mexanizmləri, həlli istiqamətində görülən tədbirlər, eləcə də əldə olunan müsbət nəticələr və statistik göstəricilər barədə danışıblar. Həmçinin tədbir zamanı hər iki UADM-in çoxşaxəli fəaliyyətini, icra olunan uğurlu layihələri və benefisiarların hekayələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.

İnteraktiv müzakirə və fikir mübadiləsi formatında davam edən görüşlərdə Dövlət Komitəsinin regionlardakı fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində təkliflər səsləndirilib.

İştirakçılar Dövlət Komitənin bu sahədə gördüyü işlərin cəmiyyət və ailə institutunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda iştirakçılar bu cür maarifləndirici səfərlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edərək, Dövlət Komitəsinin həyata keçirdiyi sosial layihələrə, ictimai maarifləndirmə və təbliğat işlərinə bundan sonra da fəal dəstək verməyə hazır olduqlarını bildiriblər.