Oktyabrın 14–16-da Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh” sərgisi çərçivəsində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan “Qarabağ Hakatonu 2026” yarışması keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və bir sıra özəl şirkətlərin tərəfdaşlığı ilə keçirilən hakaton işğaldan azad edilmiş ərazilərin inkişafına töhfə verən innovativ həllərin hazırlanmasına, investisiya imkanlarının təşviqinə və bu istiqamətdə rəqəmsal platformanın yaradılmasına xidmət edir.
Hakatonda 13 ali təhsil müəssisəsini təmsil edən 52 tələbə iştirak edir. İştirakçılar qarşıya qoyulan tapşırıq çərçivəsində işğaldan azad edilmiş rayonlarla bağlı investisiya müsabiqələri və layihə imkanlarını bir araya gətirən platformanın konsepsiyasını hazırlayırlar.
44 saat 44 dəqiqə 44 saniyə davam edən yarışma müddətində tələbələr komandalar şəklində çalışır, ideyalarını inkişaf etdirir, təklif etdikləri həllərin funksional modelini hazırlayır və layihələrini təqdim edirlər.
Hakaton innovativ ideyaların dəstəklənməsinə, gənclərin praktiki bacarıqlarının inkişafına və ali təhsil müəssisələri ilə biznes sektoru arasında əməkdaşlığın gücləndirilməsinə yönəlir. 3 gün ərzində keçirilən hakatonda 10-a yaxın akselerasiya və inkubasiya mərkəzinin nümayəndələri mentor qismində iştirak edir və komandalara öz tövsiyələri ilə dəstək göstərirlər.
Hakatonun rəsmi açılışında iştirak edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bu təşəbbüslərin gənclərin aqrar sahəyə marağının artırılması, aqrar startap ekosisteminin inkişaf etdirilməsi və kənd təsərrüfatında rəqəmsal həllərin tətbiqinin təşviqi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Qeyd edək ki, yarışmanın sonunda təqdim olunan layihələr qiymətləndiriləcək, ilk üç yeri tutan komandalar isə mükafat fondu üzrə mükafatlandırılacaq.

“Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub
Aytac Dəniz · İqtisadiyyat ·