“Qala Həyat Sığorta” ASC-nin 2026-cı ilin yanvar-avqust aylarında sığorta yığımları azalıb, ödənişləri isə kəskin artıb.
Şirkət hesabat dövründə 18,025 milyon manat sığorta haqqı toplayıb. 2025-ci ilin eyni dövründə bu göstərici 21,063 milyon manat təşkil edib.
Beləliklə, “Qala Həyat”ın sığorta yığımları illik müqayisədə 3,038 milyon manat və ya 14,4% azalıb.
Şirkətin sığorta ödənişləri isə əks istiqamətdə dəyişib. 2025-ci ilin yanvar-avqust aylarında 2,109 milyon manat olan ödənişlərin həcmi 2026-cı ilin eyni dövründə 3,271 milyon manata yüksəlib.
Nəticədə “Qala Həyat”ın sığorta ödənişləri bir il ərzində 1,162 milyon manat və ya 55,1% artıb.
Yığımların azalması, ödənişlərin isə artması şirkətin ödəniş/yığım nisbətinin yüksəlməsinə səbəb olub. Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında təxminən 10% olan bu göstərici 2026-cı ilin eyni dövründə 18,1%-ə yüksəlib.
Başqa sözlə, şirkət bu ilin ilk 8 ayında topladığı hər 100 manat sığorta haqqının təxminən 18 manatını ödənişlərə yönəldib.
Qeyd edək ki, “Qala Həyat Sığorta” ASC 7 iyul 2008-ci ildə “Qala Sığorta” ASC adı ilə dövlət qeydiyyatına alınıb, 30 noyabr 2010-cu ildən isə “Qala Həyat Sığorta” adı ilə həyat sığortası sahəsində fəaliyyətə başlayıb. Şirkətin nizamnamə kapitalı 13,0416 milyon manatdır.
Şirkətin səhmlərinin 50%-i “AzRe Təkrarsığorta” ASC-yə, 10%-i Kamal İbrahimova məxsusdur. İftixar Fərəcov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifovun hər biri 7,193%, Vəlihəd Səfərov isə 4,0351% paya sahibdir. “AzRe Təkrarsığorta”nın 2025-ci il fəaliyyət hesabatında 50%-lik iştirak payı ilə “Qala Həyat” üzərində əhəmiyyətli nəzarətə malik olduğu və şirkətin onun törəmə şirkəti kimi fəaliyyət göstərdiyi qeyd olunur.
Plat.az
