Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı ilə mümkün danışıqlarda Moskva ilə dialoqa açıq olan liderləri qəbul etməyə hazır olduğunu bildirib.
Redaksiya məlumat verir ki, Putin Rusiyaya qarşı sərt və təhqiramiz ifadələr işlətməyən hər hansı Avropa liderinin Moskva ilə danışıqlarda vasitəçi ola biləcəyini deyib.
Rusiya lideri Almaniyanın keçmiş kansleri Gerhard Şröderin namizədliyini Avropa İttifaqı ilə Rusiya arasında mümkün danışıqlar üçün daha uyğun variant kimi qiymətləndirib. Şröder uzun illər Rusiya ilə dialoqun tərəfdarı kimi tanınıb.
Almaniya kansleri Fridrix Merts isə Şröderin vasitəçilik təklifinə münasibət bildirib. O qeyd edib ki, Avropa Ukraynadakı münaqişənin başa çatdırılmasına kömək etməyə hazırdır.
Bununla belə, Merts mümkün danışıqlarda kimin vasitəçi olacağına Avropanın özü qərar verəcəyini vurğulayıb. Onun açıqlaması Berlinin Moskva ilə dialoq məsələsində təşəbbüsün Rusiya tərəfindən müəyyənləşdirilməsinə razı olmadığını göstərir.
