Çində keçirilən hərbi paraddan sonra Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In sammit çərçivəsində görüşüblər. Görüş zamanı Kim Ukraynanın işğalı fonunda Rusiyaya dəstəyini davam etdirəcəyini bildirib.
Redaksiya xəbər verir ki, Putin danışıqların əvvəlində iki ölkə arasında münasibətlərin artıq “xüsusi etimad və dostluğa əsaslanan ittifaq xarakteri aldığını” vurğulayıb. O, ötən ilin iyununda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişinin hərbi əməkdaşlığı da nəzərdə tutduğunu xatırladıb.
Putin həmçinin Kursk vilayətində Ukrayna qüvvələri ilə toqquşmalarda iştirak edən Şimali Koreya əsgərlərinin “igidlik və qəhrəmanlıq” göstərdiyini deyib. “Onların və ailələrinin fədakarlıqlarını heç vaxt unutmayacağam”, – Rusiya lideri əlavə edib.
Kim Çen In isə Putinə və rus xalqına hər cür dəstək verməyə hazır olduğunu, bunu “qardaşlıq borcu” hesab etdiyini bəyan edib.
TASS xəbər agentliyinin məlumatına görə, danışıqlar təxminən iki saat yarım davam edib, bunun bir saata yaxın hissəsi isə liderlərin yalnız tərcüməçilərin iştirakı ilə təkbətək görüşü olub. Rusiya Prezidenti Putin Kim Çen Inı Moskvaya dəvət edib, dəqiq tarix isə sonradan razılaşdırılacaq.
