Putin və Ərdoğan üçün Çində sıx diplomatik gündəm

Putin və Ərdoğan üçün Çində sıx diplomatik gündəm

Sevinc Kərimova · Siyasət ·

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinin qarşıdakı beynəlxalq tədbirlərdə iştirak planlarını açıqlayıb.

Redaksiya xəbər verir ki, Uşakovun sözlərinə görə, Putin 5 sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edəcək. Bundan əlavə, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitinin yekununda “Tyançzin Bəyannaməsi” və “ŞƏT-in İnkişaf Strategiyası” imzalanacaq.

Uşakov bildirib ki, 1 sentyabrda Putin İran Prezidenti Məsud Pezeşkiyanla ikitərəfli görüş keçirəcək. Danışıqların əsas mövzusu İranın nüvə proqramı olacaq. ŞƏT sammiti çərçivəsində Putinin Kamboca və Nepalın baş nazirləri ilə qısa görüşləri, eləcə də 10-dan çox ikitərəfli təması planlaşdırılır.

Rusiya lideri, həmçinin, Çin Prezidenti Si Tsin Pinlə görüşündə Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə apardığı danışıqlar barədə məlumat verəcək, Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

Uşakov Trampın Pekində keçiriləcək paradda iştirak etməyəcəyini də bildirib. Putinin Hindistana səfəri isə dekabr ayında baş tutacaq.

Bununla yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Çində Si Tsin Pinlə görüşəcəyi açıqlanıb.

Sevinc Kərimova