Putin Türkiyəyə gedir?

Putin Türkiyəyə gedir?

Sevinc Kərimova · Siyasət ·

Rusiya Prezidenti Vladimir Putinin adının çəkildiyi sülh təşəbbüsü ilə bağlı Kreml susqunluq nümayiş etdirib. Ukrayna Prezidenti Volodimir Zelenski, bu həftə İstanbulda keçirilməsi planlaşdırılan sülh danışıqlarına Vladimir Putinin də qatılmasını təklif etsə də, Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı hər hansı şərh verməkdən imtina edib.

Redaksiya yerli KİV-lərə istinadən xəbər verir ki, təklifə dair suallar Peskova çərşənbə axşamı keçirilən gündəlik brifinqdə ünvanlansa da, o, cavab verməkdən yayınıb və mövzuya dair açıqlama verilməyəcəyini bildirib.

Zelenskinin müşaviri Mixail Podolyak da məsələ ilə bağlı açıqlama verərək bildirib:

Zelenski İstanbulda yalnız Vladimir Putinlə görüşməyə hazırdır. Putindən başqa heç bir Rusiya rəsmisi Ukrayna üçün danışıqlar tərəfi kimi qəbul olunmayacaq.

Ukrayna tərəfi daha əvvəl dəfələrlə birbaşa, şərtsiz danışıqlara başlamağa hazır olduqlarını bəyan etmişdi. Bu çağırış isə, Zelenskinin ilk dəfə Putini şəxsən danışıqlara dəvət etməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu arada, Kremlin sözçüsü Dmitri Peskov danışıqlarla bağlı əlavə açıqlama verərək bildirib:

Ukrayna ilə İstanbulda keçiriləcək danışıqlara hazırlıqlarımız davam edir. Rusiyanı görüşlərdə kimin təmsil edəcəyi, Prezident Putinin qərarından sonra açıqlanacaq.

Rusiya tərəfi hələlik İstanbul danışıqlarında iştirakı və mümkün formatla bağlı başqa rəsmi məlumat paylaşmayıb. Gözlər Kremldən gələcək cavabda qalır.

Sevinc Kərimova