Putin Rumıniyaya düşən dronla bağlı ittihamları rədd etdi

Putin Rumıniyaya düşən dronla bağlı ittihamları rədd etdi

Nizami Salmanov · Media ·

Rusiya Prezidenti Vladimir Putin Rumıniyada yaşayış binasına düşən dronun Rusiya mənşəli olması ilə bağlı iddialara münasibət bildirib.

Redaksiya xəbər verir ki, Putin jurnalistlə söhbətində dronun mənşəyinin yalnız ekspertiza nəticəsində müəyyən edilə biləcəyini deyib.

“Mən bilmirəm hansı drondan söhbət gedir. Mediada indi nə məlumat var? Rumıniyada yaşayış binasına dron düşüb və deyirlər ki, bu Rusiya dronudur? Kim deyib ki, bu Rusiya dronudur?” — deyə Putin bildirib.

Jurnalistin “çox adam deyir” cavabına Putin belə reaksiya verib:

“Çox adam deyirsə, deməli heç kim demir. Kim?”

Jurnalist Avropa Komissiyasının sədri Ursula fon der Leyenin adını çəkdikdə Putin bildirib ki, o, Rumıniyaya getməyib və dronu yerində araşdırmayıb.

Rusiya liderinin sözlərinə görə, pilotsuz uçuş aparatının haradan gəldiyini forensik analiz aparılmadan heç kim dəqiq deyə bilməz.

Açıqlama Rumıniyanın daha əvvəl Rusiya dronunun ölkə hava məkanına daxil olaraq Qalaç şəhərində yaşayış binasına düşdüyünü bildirməsindən sonra səslənib.

Hadisə NATO ölkəsi olan Rumıniyanın hava məkanının təhlükəsizliyi və Rusiya-Ukrayna müharibəsinin alyans sərhədlərinə təsiri ilə bağlı müzakirələri yenidən gücləndirib.