Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvəsinə qatılıb və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb. Dövlət başçısı həmçinin Çin xalqının Yapon təcavüzünə qarşı Müqavimət Müharibəsində və dünya antifaşist müharibəsində qələbəsinin 80 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edib.
Redaksiya China Economic Net-ə istinadla xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Prezidentin köməkçisi Hikmət Hacıyev görüşün nəticələrini “səmərəli” adlandırıb. Onun sözlərinə görə, Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq mövcuddur və bu əlaqələr dinamik şəkildə inkişaf edir.
Hikmət Hacıyev bildirib ki, iki ölkə beynəlxalq təşkilatlarda bir-birinə dəstək göstərir, terrorizm, ekstremizm və separatizm kimi “üç bəlaya” qarşı mübarizədə tərəfdaşlıq edir. O vurğulayıb ki, Azərbaycan və Çin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiqdir və hər bir ölkənin iqtisadi inkişaf modelini seçmək hüququna hörmət edir.
O, həmçinin iqtisadi münasibətlərin gələcəyinə toxunaraq, ənənəvi sahələrlə yanaşı enerji, bərpa olunan enerji və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlıq imkanlarının genişləndiyini diqqətə çatdırıb. Hikmət Hacıyev humanitar sahədə, mədəniyyət və turizm istiqamətlərində də mübadilələrin artdığını qeyd edib.
Prezident İlham Əliyevin səfər çərçivəsində bərpa olunan enerji, texnologiya və kommunikasiya sahələrində fəaliyyət göstərən aparıcı Çin şirkətləri ilə görüşlər keçirəcəyi də vurğulanıb. Hikmət Hacıyev yekunda bildirib ki, bu səfər Çin–Azərbaycan iqtisadi və ticarət əlaqələrinin daha da inkişafına mühüm töhfə verəcək.
Sevinc Kərimova
