Pit Heqset ABŞ ordusunun əsas hərbi strateqini vəzifədən uzaqlaşdırıb

Pit Heqset ABŞ ordusunun əsas hərbi strateqini vəzifədən uzaqlaşdırıb

Nizami Salmanov · Media ·

ABŞ-ın müdafiə naziri Pit Heqset Prezident Donald Trampın İrana qarşı yeni hərbi zərbələr endirmək imkanını nəzərdən keçirdiyi bir vaxtda ölkə ordusunun yüksək rütbəli strateji planlaşdırma rəhbəri, general-leytenant Brett Silviyanı vəzifəsindən azad edib. Pentaqon qərarın səbəbini açıqlamayıb və generalın yerinə yeni təyinat elan olunmayıb. Bu barədə “The Atlantic” jurnalı məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Brett Silviya ABŞ Birləşmiş Qərargahının Strategiya, Planlaşdırma və Siyasət İdarəsinə (J-5) rəhbərlik edirdi. Bu struktur hərbi strategiyaların hazırlanması, mümkün təhlükələrin qiymətləndirilməsi və Pentaqonla Ağ Ev arasında strateji qərarların əlaqələndirilməsində mühüm rol oynayır.

Məlumata görə, generalın vəzifədən uzaqlaşdırılması ABŞ administrasiyasının İrana qarşı yeni hərbi əməliyyatların mümkün miqyasını və vaxtını qiymətləndirdiyi dövrə təsadüf edir.

“The Atlantic” jurnalının məlumatına əsasən, Heqset Silviyaya etimadını itirib. Generalın Pentaqonun siyasət məsələləri üzrə rəhbər müavini Elbric Kolbi ilə münasibətlərində də gərginlik yaşandığı bildirilir.

Bununla belə, nə Pentaqon, nə də Ağ Ev generalın vəzifədən azad edilməsinin konkret səbəblərini ictimaiyyətə açıqlayıb.

ABŞ Birləşmiş Qərargahı Silviyanın vəzifəsindən ayrıldığını təsdiqləyərək onun 32 illik hərbi xidmətinə görə təşəkkür edib.

Generalın rəhbərlik etdiyi J-5 idarəsi hərbi risklərin qiymətləndirilməsi, strateji siyasət üzrə tövsiyələrin hazırlanması və ABŞ ordusunun müxtəlif komandanlıqları ilə müttəfiq ölkələr arasında planlaşdırmanın əlaqələndirilməsi ilə məşğul olur.

Silviyanın vəzifədən uzaqlaşdırılmasından sonra idarəyə daimi rəhbər təyin edilməyib. Bu, təxminən bir il ərzində həmin vəzifədə baş verən ikinci rəhbərlik dəyişikliyidir.

Məlumata görə, Donald Tramp administrasiyası noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən sonra İrana qarşı yeni hərbi əməliyyatların başlanması variantını nəzərdən keçirir.

Tramp daha əvvəl İranla bağlı hərbi əməliyyatları başa çatdırmaq niyyətində olduğunu bildirsə də, ABŞ rəsmilərinin sözlərinə görə, yeni hücumlar barədə yekun qərar qəbul edilməyib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana qarşı bir neçə hərbi əməliyyat ssenarisi hazırladığı bildirilir. Bu variantlar arasında nüvə obyektlərinə zərbələr endirilməsi və Tehrana iqtisadi təzyiqi gücləndirmək məqsədilə daha uzunmüddətli hərbi əməliyyatların keçirilməsi də var.

Vaşinqtonun regional müttəfiqlərinə mümkün yeni Amerika hücumlarına və İranın cavab tədbirlərinə hazır olmaları barədə xəbərdarlıq etdiyi qeyd olunur.

Bununla yanaşı, ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırmağa davam edir. Regiona “USS Theodore Roosevelt” aviadaşıyıcı gəmisinin rəhbərlik etdiyi zərbə qrupunun və 13-cü Dəniz Piyadaları Ekspedisiya Bölməsinin göndərilməsi nəzərdə tutulur.

Əlavə qüvvələrin noyabrın sonunadək bölgəyə çatacağı gözlənilir. Bu halda ABŞ-ın regiondakı aviadaşıyıcı zərbə qruplarının sayı üçə çata bilər.

Qeyd olunur ki, Pit Heqsetin müdafiə naziri vəzifəsinə təyin edilməsindən sonra ABŞ ordusunun yüksək komandanlıq heyətində genişmiqyaslı kadr dəyişiklikləri aparılıb.

Məlumatlara əsasən, 2025-ci ilin əvvəlindən indiyədək azı 26 general və admiral vəzifədən uzaqlaşdırılıb, istefaya göndərilib və ya başqa səbəblərlə xidmətdən ayrılıb.

Heqset daha əvvəl Pentaqonda general və admiral sayının təxminən 10 faiz azaldıldığını bildirib. Planlaşdırılan islahatlar çərçivəsində 2027-ci ilin yanvarınadək yüksək rütbəli hərbi vəzifələrin sayının təxminən 20 faiz azaldılması nəzərdə tutulur.

ABŞ Konqresinin bəzi üzvləri və keçmiş müdafiə rəsmiləri təcrübəli komandirlərin vəzifədən uzaqlaşdırılmasının hərbi idarəetmədə davamlılığa mənfi təsir göstərə biləcəyindən narahatdırlar.

Pentaqondakı yeni kadr dəyişikliyi isə ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatları qiymətləndirdiyi bir vaxtda strateji planlaşdırmaya cavabdeh əsas vəzifələrdən birinin rəhbərsiz qalması ilə diqqət çəkir.