“Paşa Sığorta” ASC 2026-cı ilin üçüncü rübünün sonuna investisiya portfelinin strukturunda əhəmiyyətli dəyişiklik edib.
Şirkətin açıqladığı maliyyə hesabatına əsasən, 30 sentyabr 2026-cı il tarixinə bank depozitlərinin həcmi 160,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövründə qeydə alınan 89 milyon manatla müqayisədə 71,5 milyon manat və ya 80,3% çoxdur.
Eyni zamanda şirkətin istiqrazlara yatırımları 151,54 milyon manatdan 108,12 milyon manata enib. Beləliklə, istiqraz portfeli illik müqayisədə 43,42 milyon manat və ya 28,7% azalıb.
O cümlədən dövlət istiqrazlarına yatırımlar 123,41 milyon manatdan 102,11 milyon manata, qeyri-dövlət istiqrazlarına yatırımlar isə 28,12 milyon manatdan 6,01 milyon manata düşüb.
Nəticədə şirkətin ümumi investisiya portfelində bank depozitlərinin payı 33,6%-dən 54,6%-ə yüksəlib. İstiqrazların payı isə 57,1%-dən 36,8%-ə geriləyib.
Hesabat dövrünün sonunda “Paşa Sığorta”nın ümumi investisiya aktivləri 294,11 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,94 milyon manat və ya 10,9% artım deməkdir.
Beləliklə, şirkətin investisiya portfelində istiqrazların çəkisi azalarkən bank depozitlərinin payı əhəmiyyətli dərəcədə yüksəlib.
Qeyd edək ki, “Paşa Sığorta” ASC-nin nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin 2026-cı il sentyabrın 30-na aktivləri 539,95 milyon manat, öhdəlikləri 433,91 milyon manat, balans kapitalı isə 106,04 milyon manat təşkil edib. (Plat.az)

“Paşa Sığorta”nın istiqraz portfelində ciddi azalma - 43 milyon manat "əriyib"
Aytac Dəniz · İqtisadiyyat ·